Əfsanəvi “Çelsi” “Qarabağ”la bacarmadı

İdman

06.11.2025 11:32

Qarabağ” Zəfər günü ərəfəsində Azərbaycan xalqını sevindirdi. Bəli, o gün, bu gündür! 


Azərbaycan futbolu İngiltərə komandaları ilə oyunda ilk dəfə xal qazandı. Buna qədər “Qarabağ”ın İngiltərə klubları ilə matçlarda uğursuz statistikası 7 oyuna 7 məğlubiyyət idi. Xalqın dirəniş simvolu “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi”ni büdrətməyi bacardı – 2:2. Zəfər çalmağın ayrı ləzzəti olardı. Amma “Çelsi” kimi rəqibi çox vacib 3 xala həsrət qoymağın özü də bir uğurdur. Başqa sözlə, “zadəganlar”ın Bakı mücadiləsində bəxti gətirdi. Xalsız da qala bilərdilər. “Qarabağ” rəqibi noqdauna salmışdı. Nokauta cəmi bir dəqiq zərbə çatmadı. 


Həqiqətən inanılmazdır! Klublararası son dünya çempionu, UEFA Konfrans Liqasının qalibi Bakıdan Londona cəmi 1 xalla döndü. Bütün mümkün kubokların sahibi ilə qarşıdurmada qazanılan bu 1 xal qızıla bərabər xaldır. Qarşıdakı turlarda qazanılacaq daha 1 qələbə, və ya 2 heç-heçə “Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirinin pley-offuna daşıyacaq. Rəqiblərin nəticələri, heç-heçə bitən oyunların çoxluğu belə düşünməyə əsas verir. Artıq cari mövsüm toplanacaq 9 xal xoşbəxt 24-lüyə düşməyə əsas verəcək.    


“Qarabağ” klubu gücünü, səviyyəsini qəbul və etiraf edən Entso Mareskanın “Çelsi”si ilə dünya səviyyəli futbol oynadı. Rəqibin kimliyindən və ad-sanından asılı olmayaraq, “iştah diş altındadır” deyib “köhlən atlılar”ımız ilıq havalı Tofiq Bəhramov adına Respublika stadionunda şahə qalxmağı bacardılar. Baxmayaraq ki, “Çelsi” qələbə qazanmaq və növbəti mərhələyə bir addım da yaxınlaşmaq istəyirdi. ”Qarabağ”ın da məqsədi xal qazanmaq idi. 1 xal yaxşı, 3 xal isə əla olacaqdı. “Qarabağ” “Çelsi” üçün ağır keçən gecəni yaxşı xalla bitirdi.  


Qarşılaşmanın sərfəli nəticəsinə ümidliydik. Bu əminlik hissini bizə verən də çempionumuzun Avropa arenalarında göstərdiyi oyunlar və nəticələrdir. “Qarabağ” Çempionlar Liqasında İngiltərə nəhənginə qarşı azarkeşləri qarşısında xal qazanaraq Azərbaycan futbol tarixində daha bir iz qoydu.

Namiq HUN

tag: “Qarabağ”,“Çelsi”,İdman,Zəfər günü,Azərbaycan ,Todaypress.tv,