Əfsanə hərracda: Ferrari 250 GTO 70 milyon dolları keçə bilər

İdman

05.01.2026 10:00

Dünyanın ən nadir Ferrari avtomobillərindən biri hərraca çıxarılıb. 

TodayPress TV xəbər verir ki, söhbət 1962-ci il istehsalı olan Ferrari 250 GTO modelindən gedir. 

Bu avtomobil tarixin ən bahalı Ferrarisi ola bilər. Avtomobil yanvarın 17-də ABŞ-nin Florida ştatının Kissimmee şəhərində keçiriləcək Mecum hərracında satışa çıxarılacaq. Ekspertlər hesab edir ki, bu nadir nümunə rekord məbləğə satıla bilər.

Hərraca çıxarılan avtomobilin 3729GT seriya nömrəsi var. O, 1962-ci ilin iyulunda britaniyalı sabiq pilot Con Kumbsa təhvil verilib. Kumbs bu avtomobillə müxtəlif yarışlarda iştirak edib. Həmin il Qrem Hill Ferrari 250 GTO ilə Gudvudda keçirilən “Tourist Trophy” yarışında çıxış edib. Daha sonra isə Roy Salvadori bu avtomobili Brands Hatch trasında təşkil olunan “Peco Trophy” yarışında idarə edib.

Avtomobilin mühərriki iki dəfə dəyişdirilib. Hazırda üzərində 3 litrlik Tipo 168/62 V12 mühərriki quraşdırılıb. Mühərrikin gücü 300 at qüvvəsidir.

Ferrari 250 GTO 1960-cı illərin əvvəlində GT sinfi üzrə Qrup 3 yarışları üçün hazırlanmış, omologasiya olunmuş yol versiyasıdır. Model 1962-1964-cü illər arasında istehsal edilib və cəmi 36 ədəd buraxılıb. Bu da onu Ferrari tarixinin ən nadir avtomobillərindən birinə çevirir.

Qeyd edək ki, Ferrari 250 GTO artıq tarixin ən bahalı Ferrari modeli hesab olunur. 2023-cü ilin noyabrında RM Sotheby’s hərracında 3765LM seriya nömrəli 250 GTO 51,7 milyon dollara satılıb.

Daha əvvəl, 2018-ci ildə, 4153GT seriya nömrəli Ferrari 250 GTO özəl satış çərçivəsində WeatherTech şirkətinin icraçı direktoru Devid Maknil tərəfindən 70,2 milyon dollara alınıb. Bu avtomobil hələ də Ferrari tarixinin ən bahalı nümunəsi olaraq qalır.

Mecum hərracı üçün avtomobilin ilkin qiyməti açıqlanmayıb. Lakin mütəxəssislər hesab edir ki, satış məbləği 70 milyon dolları da keçə bilər.

Namiq HUN

TodayPress TV

tag: Hərrac,Ferrari,Avtomobil,Satış,Todaypress.tv,