DÇ-2026-nın seçmə mərhələsi: Millimiz bu axşam Fransa ilə həlledici VI tur matçına çıxır

İdman

16.11.2025 10:26

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün səkkiz qarşılaşma baş tutacaq. Günün ilk matçında Macarıstan İrlandiya ilə qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi son oyununa hazırlaşır. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu gün VI turun matçında Bakıda Fransa yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:00-da start götürəcək. Qarşılaşmaya hər iki komanda itkilərlə çıxacaq. Millimizin heyətində Elvin Cəfərquliyev və Toral Bayramov meydana çıxa bilməyəcək. Qonaqlar isə Bakıya əsas ulduzları – Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Konesiz səfər ediblər.

D qrupunda bu komandalar arasında Parisdə keçirilmiş ilk oyun fransızların 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Hazırda Fransa 13 xalla qrupun lideridir və artıq dünya çempionatına vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Millimiz isə 1 xalla sonuncu pillədə qərarlaşıb və bu günkü nəticədən asılı olmayaraq seçmə mərhələni 4-cü yerdə başa vuracaq.

Digər görüşlərdə isə Portuqaliya millisi Ermənistanla, Albaniya İngiltərə millisi ilə, Serbiya yığması Latviya ilə, Ukrayna İslandiya ilə, İsrail Moldova ilə, İtaliya isə Norveçlə üz-üzə gələcək.

DÇ-2026-nın seçmə mərhələsi

16 noyabr

F qrupu

18:00. Macarıstan - İrlandiya

18:00. Portuqaliya - Ermənistan

D qrupu

21:00. Azərbaycan - Fransa

21:00. Ukrayna - İslandiya

K qrupu

21:00. Albaniya - İngiltərə

21:00. Serbiya - Latviya

İ qrupu

23:45. İsrail - Moldova

23:45. İtaliya - Norveç

tag: Paris,Macarıstan ,İrlandiya ,Fransa ,Todaypress.tv,