DÇ-2026: Millinin heyəti açıqlandı
İdman
10.11.2025 11:46
Futbol üzrə Azərbaycan yığma komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışına qatılacaq.
TodayPress TV xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa millilərinə qarşı keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.
Heyətdə Azərbaycan çempionu “Qarabağ”ın 7 futbolçusu yer alıb. Qapımızın torunun toxunulmazlığını təmin etmək ən yaxşı halda Şahrudin Məhəmmədəliyevə tapşırılacaq.
Abbasov əsasən müdafiədə “köhlən atlar”a güvənir. Məşqçi flaqmanın 5 arxa xətt oyunçusunu toplantıya dəvət edib. Mütəxəssisin Bolqarıstan “Arda”sında yer alan Cəlal Hüseynova və Cənubi Koreya “Daejon Hana”sında baxımlı oyunu ilə seçilən Anton Krivotsyuka da bu qarşılaşmalarda şans verəcəyi şübhə doğurmur.
Yarımmüdafiə xətti Premyer Liqa klublarının geniş təmsilçiliyi ilə diqqət çəkir. Orta xətdə “Zirə” və “Sabah”dan ikifutbolçu yer alıb. Meydanın mərkəzini nəzarətdə saxlayacaq digər 6 futbolçu isə “Şamaxı”, “Neftçi”, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qarabağ” və Xorvatiya “Varaždin”ində top qovan Rüfət Abdullazadədir.
Hücumda isə rəqibə “Sabah” klubunun Anatoli Nuriyev və Rəhman Daşdəmirov tandemi ilə yanaşı,”Sumqayıt”dan Rüstəm Əhmədzadə ilə “Qarabağ”dan Nəriman Axundzadə dişini göstərməlidir. Ayxan Abbasovun heyətdə yer alan Polşa “Motor”unun forvardı Renat Dadaşovu da döyüşə atacağı gözlənilir.
Almaniya 2-ci Bundesliqasının “Kayzerslautern”klubunda çıxış edən Mahir Emreli isə heyətdə yer almayıb. 27 yaşlı hücumçu 9 turdan sonra klubunun formasında meydana çıxsa da, zədələnib. O, meydanı göz yaşları içində tərk edib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də İslandiya yığması, 3 gün sonra isə Fransa seçməsi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Azərbaycan,Yığma,Futbol,Təlim-məşq,Todaypress.tv,
