BU ARTIQ TƏSADÜF DEYİL: AZƏRBAYCAN 3x3-DƏ AVROPANIN GÜCÜNƏ ÇEVRİLİB

BU ARTIQ TƏSADÜF DEYİL: AZƏRBAYCAN 3x3-DƏ AVROPANIN GÜCÜNƏ ÇEVRİLİB
14.09.2026 16:15 İdman

Antverpendəki bürünc medal təsadüfi nəticə deyil. Azərbaycanın qadın 3x3 basketbolunda artıq Avropa və dünya səviyyəsində davamlı şəkildə medal uğrunda mübarizə aparan komandalardan birinə çevrildiyini göstərir.


Azərbaycanın qadın 3x3 millisinin Antverpen “bürünc”ünün arxasında nə dayanır?

Azərbaycan qadın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanması son iki ildə formalaşan yüksəlişin təsadüfi olmadığını göstərən ən ciddi göstəricilərdən biridir. Komanda 2025-ci ildə Avropa Kubokunda gümüş, 2026-cı ildə isə Avropa çempionatında bürünc medal əldə edib. Üstəlik, 2026-cı ilin dünya çempionatında Azərbaycan dördüncü yeri tutaraq dünya səviyyəsində də özünü elit komandalar sırasında təsdiqləyib. 

Baş məşqçi Ratomir Deliçin üzləşdiyi zədələr, heyət dəyişiklikləri və komandanın uzun müddət tam heyətdə birlikdə ola bilməməsi məhz bu nəticənin dəyərini artırır. Çünki 3x3-də komanda oyunu daha kompakt olduğundan bir oyunçunun çatışmazlığı 5x5 basketboldakından daha ciddi hiss olunur.


Antverpendə Azərbaycan nə etdi?

Azərbaycan Avropa çempionatına birbaşa vəsiqə qazanan komandalar sırasında deyildi. Millimiz iyunun 13-14-ü aralığında Kosovonun Priştina şəhərində keçirilən seçmə turnirdə mübarizə aparmalı oldu. 

Bu, özü də asan yol deyildi. Azərbaycan seçmə mərhələdə bütün oyunlarını qazanaraq finala yüksəldi və həlledici qarşılaşmada İrlandiyanı 21:20 hesabı ilə məğlub etdi. Aleksandra Mollenhauer həmin oyunda 15 xal toplayaraq və son saniyələrdə qalibiyyət gətirən iki xallıq atışla əsas qəhrəmana çevrildi. 

Beləliklə, Antverpenə gedən Azərbaycan komandası artıq seçmə mərhələdən məğlubiyyətsiz keçmiş və yüksək psixoloji hazırlıq toplamışdı.


Antverpendə nəticələr

Qrup mərhələsi – A qrupu

Niderland –Azərbaycan 21:12 

Azərbaycan –Ukrayna 20:7 

Niderlanda məğlubiyyət ilk baxışda ağır görünsə də, burada rəqibin səviyyəsini nəzərə almaq vacibdir. Niderland turnirin əsas favoriti və son Avropa çempionu idi. Azərbaycan isə bu məğlubiyyətdən sonra Ukraynanı 20:7 hesabı ilə darmadağın edərək pley-offa yüksəldi. 

1/4 final

Azərbaycan –Fransa 20:15 

Bu, turnirin ən vacib oyunlarından biri idi. Çünki FIBA turnirdən əvvəl Azərbaycanı Avropanın üçüncü ən güclü komandası kimi qiymətləndirirdi, Fransa isə ikinci favorit idi. Azərbaycan bu oyunda favoritlərdən birini məğlub edərək yarımfinala yüksəldi. 

Yarımfinal

İspaniya –Azərbaycan 20:16

Bürünc medal oyunu

Azərbaycan –Sloveniya 21:18 

Beləliklə, millimiz Antverpendə bürünc medal qazandı. 

Burada mühüm məqam odur ki, Azərbaycan turnirdə Fransa kimi dünya səviyyəli proqramı olan rəqibi məğlub edib, son olaraq Sloveniyanı keçərək podiuma yüksəldi. 

Rəqiblərə gəlincə, Azərbaycanın qrupdakı ilk rəqibi Niderland təsadüfən turnirin favoriti deyildi. “Zanbaqlar” ölkəsinin təmsilçisi 2025-ci ilin Avropa və dünya çempionudur. 2026-cı ildə mundialda çempionluğunu qoruya bilməsə də, bürünc medal qazandı. 


FIBA Antverpen öncəsi Niderlandı bir nömrəli favorit, Azərbaycanı isə üçüncü favorit göstərmişdi. Bu səbəbdən qrupdakı 9 xallıq məğlubiyyəti Azərbaycanın zəifliyi kimi qiymətləndirmək düzgün olmaz. Qarşı tərəfdə turnirin ən güclü fərdi oyunçularından biri və son Avropa çempionu var idi.

Ukrayna da təsadüfi komanda deyil. Onlar Antverpenə seçmə mərhələni məğlubiyyətsiz başa vuraraq gəlmişdilər və bu artıq onların Avropa çempionatında ardıcıl dördüncü güc nümayişi idi. Azərbaycanın Ukrayna üzərində 20:7 hesablı qələbəsi buna görə xüsusi diqqət çəkir. Bu, sadəcə pley-offa çıxmaq üçün qazanılan qələbə yox, rəqib üzərində ciddi oyun üstünlüyü idi.

Fransa Azərbaycan üçün daha ciddi sınaq idi. FIBA turnir öncəsi Fransanı ikinci favorit göstərmişdi. Komanda “Women's Series Shanghai Finalı”nın qalibi kimi Antverpenə gəlmişdi. Fransa tarixən Avropanın ən güclü 3x3 proqramlarından biri sayılır. “Xoruzlar” dördüncü Avropa Kuboku titulunu qazanmağa iddialı idi. 

Azərbaycanın belə rəqibi 20:15 hesabı ilə məğlub etməsi bürünc medalın əsas göstəricilərindən biridir.

Sloveniya FIBA-nın turnir öncəsi reytinqində 6-cı sırada idi. Komandanın əsas siması Eva Lisec idi. O, xüsusilə səbət altında təhlükəli hesab olunurdu. Azərbaycanın 21:18 hesablı qələbəsi reytinq baxımından özündən aşağıda olan, lakin təhlükəli rəqibə qarşı alınmış nəticə idi.


Deliçin müsahibəsindəki bir fikir xüsusilə diqqət çəkir:

“Zədələr, komandadakı dəyişikliklər və bir müddət birlikdə ola bilməməyimiz...”

Bu, əslində Azərbaycanın 3x3 proqramında son iki ildə baş verən prosesin əsas problemini göstərir.

2025-ci ildə Avropa Kubokunda gümüş medal qazanan millinin heyətində Arica Carter, Brianna Fraser, Alexandra Mollenhauer və Dina Ulyanova idi. 

2026-cı ilin dünya çempionatında da Azərbaycan eyni əsas kvartetlə - Carter, Fraser, Mollenhauer və Ulyanova ilə çıxış etdi. Həmin komanda dünya çempionatında dördüncü yeri tutdu və Almaniyanı 18:16 məğlub edərək yarımfinala yüksəldi. 

Maraqlı məqam, bu illər ərzində əsas heyətin nüvəsinin qorunmasıdır.

Dəyişiklik daha çox komandanın strukturunda, hazırlıq prosesində və mövsüm ərzində heyətin tam şəkildə bir araya gəlməsində özünü göstərdi.

Bununla belə, Paris-2024 Olimpiadası ilə müqayisə etdikdə daha ciddi dəyişiklik görürük. Parisdə Azərbaycan millisinin heyətində Tiffany Hayes, Alexandra Mollenhauer, Dina Ulyanova və Cheyenne Walker yer alırdı. 

Sonrakı mərhələdə Hayes və Walker-in yerini Arica Carter və Brianna Fraser tutdu.

Bu dəyişiklik Azərbaycanın oyun fəlsəfəsini də dəyişdirdi. Komanda daha fiziki, daha çox daxili mübarizəyə və sabit hücuma söykənən struktura keçdi.

Əslində Antverpen nəticəsini təkcə Avropa çempionatına baxaraq qiymətləndirmək böyük mənzərəni yarımçıq qoyar. Azərbaycan 2026-cı ilin mart ayında “FIBA 3x3 Champions Cup”da finala qədər yüksəldi və həlledici oyunda Niderlanda məğlub oldu. 

İyunda isə daha böyük uğur gəldi. Azərbaycan ilk dəfə dünya çempionatında iştirak edərək dördüncü yeri tutdu. Komanda qrup mərhələsində Niderlanda uduzsa da, pley-offda Litvanı 14:12, Almaniyanı isə 18:16 məğlub edərək yarımfinala yüksəldi. 


Belə bir fonda Antverpendə bürünc medal artıq üçüncü böyük turnirdə ardıcıl yüksək nəticədir.

Maraqlı məqam Azərbaycanın Niderlanda uduzub, digər favoritləri keçməsidir. Burada komandanın hazırkı səviyyəsini göstərən çox maraqlı bir mənzərə yaranır.

 Niderland Azərbaycan üçün son iki ildə xüsusi “ölçü vahidi”nə çevrilib. Niderlandla oyunlarda Azərbaycan hələlik ardıcıl olaraq məğlub olur. Bu, məncə, millinin növbəti inkişaf mərhələsi üçün ən aydın hədəfi göstərir. Azərbaycan artıq Avropa elitasına çatıb. Növbəti məsələ həmin elitanın ən üst pilləsində – Niderland səviyyəsində sabit qalmaqdır.

FIBA-nın özünün Azərbaycanla bağlı qiymətləndirməsi də diqqətəlayiqdir. Qurum Azərbaycanı 3x3 qadın basketbolunda ən sürətlə yüksələn proqramlardan biri kimi xarakterizə edir. 

Bunun bir neçə səbəbi var.

Birincisi – Mollenhauer faktoru

Alexandra Mollenhauer artıq sadəcə yaxşı basketbolçu deyil, komandanın lideridir.


FIBA onun oyununu belə xarakterizə edir: müdafiədə düzgün mövqe seçimi, ribaund, fiziki mübarizə, hücumda həm səbət altından, həm də uzaq məsafədən xal qazanmaq və ən vacib məqamlarda qərar vermək. 

2026-cı il Avropa çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı son saniyələrdə vurduğu qalibiyyət gətirən iki xallıq atış da bunun nümunəsidir.

İkincisi – Carter faktoru

Arica Carter 2025-ci il Avropa Kubokunun “Team of the Tournament” heyətinə seçilmişdi. 

Bu, Azərbaycanın artıq tək bir ulduzdan asılı olmadığını göstərir.

Üçüncüsü – Fraserin fiziki üstünlüyü

Brianna Fraser komandanın fiziki gücünü artıran əsas oyunçulardan biridir. 2026-cı il “Shanghai Women's Series” finalında onun 11 xal və 8 ribaundluq performansı turnirin ən yaxşı fərdi çıxışlarından biri kimi qiymətləndirilib. O, turniri xal və oyunçu dəyəri üzrə lider tamamlayıb. 

Dördüncüsü – Ulyanovanın sabitliyi

Dina Ulyanova artıq komandanın uzunmüddətli nüvəsindədir. Onun Mollenhauer, Carter və Fraser ilə birlikdə uzun müddət oynaması 3x3 üçün çox vacib olan qarşılıqlı anlaşmanı artırır.


Baş məşqçinin “zədələr və dəyişikliklər” fikri də vacibdir. 

3x3-də cəmi dörd basketbolçudan ibarət heyət olduğu üçün zədə problemi adi 5x5 basketboldan daha ciddi nəticə yaradır.

Komandanın dörd əsas oyunçudan ibarət olması, oyunun yüksək tempdə keçirilməsi, dəyişikliklərin məhdud olması, hər oyunçunun həm hücumda, həm müdafiədə iştirak etməsi zədə riskini daha əhəmiyyətli edir.

Deliçin “bir müddət birlikdə ola bilmədik” fikri də buna görə vacibdir.

Baş məşqçinin sözlərindən görünür ki, əsas problem komandanın potensialının olmaması yox, bu potensialı bütün mövsüm ərzində sabit şəkildə meydançaya gətirmək olub. Bu, məşqçinin “möhtəşəm iş gördüyümüzə əminəm” fikrini tam əsaslandırır.

FIBA Azərbaycanı turnir öncəsi Avropanın üçüncü favoriti kimi göstərib. Bu, artıq sürpriz komanda statusundan çıxmaq deməkdir. 

Başqa sözlə, Azərbaycan artıq “medal qazana bilər” səviyyəsində deyil. Azərbaycanın iştirakı olan turnirdə medal uğrunda mübarizə aparması artıq normal gözləntiyə çevrilir.

Ən vacib nəticə


Ratomir Deliçin “möhtəşəm iş gördüyümüzə əminəm” sözləri emosional ifadə olmaqdan daha çox, statistik olaraq da müdafiə olunan fikirdir. Eyni əsas heyət nüvəsi ilə nəticələrin əldə olunması göstərir ki, ölkədə qadın 3x3 basketbolunda artıq sistemli və rəqabətədavamlı komanda formalaşıb. 

Azərbaycanın qadın 3x3 millisi artıq “sürpriz edən komanda” deyil. O, böyük turnirlərdə medal gözlənilən komandadır.

Növbəti mərhələ isə açıqdır: bürüncdən gümüşə, gümüşdən qızıla keçmək.

Namiq HUN

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər