Bir dövrün sonu: 40 yaşlı Monfis Nyu-York kordlarına əbədi əlvida dedi!
Fransa tennisiçisi Qael Monfis “US Open” turnirinin ikinci mərhələsində amerikalı Löner Tyenə 3:6, 4:6, 3:6 hesabı ilə məğlub olaraq “Böyük Dəbilqə” turnirlərindəki çıxışını başa vurub.
TodayPress TV xəbər verir ki, məğlubiyyətə baxmayaraq, azarkeşlər 40 yaşlı Monfisi alqışlarla yola salıblar.
“Lui Armstronq” stadionundakı tamaşaçılar onun adını tempinə uyğun qışqırıblar, matçdan sonra isə təcrübəli tennisçi dəstəyə görə publikaya minnətdarlığını bildirib. Monfis kortda verdiyi müsahibədə ilk dəfə bu turnirə 2003-cü ildə gənc oyunçu kimi qatıldığını və illər ərzində buradakı azarkeşlərin sevgisini hər zaman hiss etdiyini vurğulayıb.
Kortda Qael Monfisin şərəfinə xüsusi mərasim də təşkil olunub. Raketka ustası cari mövsümün sonunda peşəkar karyerasını tam olaraq yekunlaşdıracaq.
Qeyd edək ki, Qael Monfis, 2016-cı ildə “US Open”in, 2008-ci ildə isə “Rolan Qarros”un yarımfinalına qədər yüksəlib və ATP reytinqində ən yüksək 6-cı pilləni tutub.
Namiq HUN