“Red Bull”u çətin sınaq gözləyir: Ferstappen narahatlığını gizlətmədi!
“Red Bull” komandasının pilotu Maks Ferstappen qarşıdan gələn Las-Veqas Qran-prisi ilə bağlı gözləntilərini bölüşüb.
TodayPress TV “f1ingenerale” nəşrinə istinadən xəbər verir ki, niderlandlı sürücü trasın xüsusiyyətləri və hava şəraiti səbəbindən yarışın kifayət qədər çətin keçəcəyini bildirib.
Ferstappenin sözlərinə görə, əsas amillərdən biri uzun düzlüklərdə enerji idarəetməsi olacaq.
“Laz-Veqas trasının niyə bu qədər fərqli və anlaşılması çətin olduğunu bilmirəm. Hər şeydən əvvəl burada enerji idarəetməsi ön plana çıxır. Çox uzun düz yol var. Düşünürəm ki, maksimum sürətə çatmaq üçün düz yolun ortasında avtomobilə mümkün qədər yaxın mövqe tutmalı olacağam. Bu il həmin düzlüklərdə enerji idarəetməsi həlledici əhəmiyyət daşıyır”, - deyə Ferstappen bildirib.
Pilot aşağı temperaturun təkərlərin davranışını da proqnozlaşdırmağı çətinləşdirdiyini vurğulayıb.
“Problem ondadır ki, hava o qədər soyuq olur ki, hər bir avtomobil trasda tamamilə fərqli davranır. Bəzi bolidlər belə şəraitdə qəfildən çox yaxşı nəticə göstərməyə başlayır. Bunu əvvəlki illərdə də görmüşük”, – deyə o əlavə edib.
Ferstappen Las-Veqas trasının hava axınından istifadə baxımından Monzaya bənzəyə biləcəyini də qeyd edib. Bununla belə, “Red Bull”un bu trasda ənənəvi olaraq çətinliklərlə üzləşdiyini bildirib.
“Etiraf etməliyəm ki, məhz bu səbəbdən Las-Veqas adətən bizim üçün ən əlverişli traslardan biri deyil. Ancaq görək, təkərləri lazımi iş rejiminə gətirə biləcəyikmi. Əsas məsələ budur”, – deyə niderlandlı pilot fikirlərini yekunlaşdırıb.
Namiq HUN