“Barselona” ayağa qalxdı: Azarkeşlərlə bağlı polisə etiraz

“Barselona” ayağa qalxdı: Azarkeşlərlə bağlı polisə etiraz
24.08.2026 17:23 İdman

“Barselona” klubu La Liqanın II turunda “Elçe” ilə keçirilən matçdan (5:0) əvvəl polisin azarkeşlərə qarşı hərəkətlərini pisləyib.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl “Manuel Martinez Valero” stadionunun yaxınlığında polis “Barselona” azarkeşlərini saxlayıb və Kataloniyanın müstəqilliyi hərəkatı ilə əlaqəli bayraqları onlardan götürüb. 

Bildirilir ki, saxlanılan azarkeşlərdən biri polis əməkdaşları tərəfindən döyülüb.

Klub baş verənləri həddindən artıq güc tətbiqi kimi qiymətləndirib.

“Barselona” “Elçe” ilə çempionat oyunu öncəsi “Martinez Valero” stadionunun yaxınlığında baş verən hadisələr zamanı klub üzvlərinə və azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiqini pisləyir.

Xüsusilə, azarkeşlərdən birinin saxlanılması zamanı görülən tədbirlərin qeyri-mütənasib, güc tətbiqinin isə əsassız və yolverilməz olduğunu hesab edirik. “Barselona” saxlanılan azarkeşə və onun ailəsinə zəruri dəstəyi göstərməyə hazırdır.

Klub həmçinin polis əməkdaşlarının azarkeşlərdən “Estelada” bayraqlarını yenidən müsadirə etməsindən təəssüf hissi keçirdiyini bildirib. “Estelada”nın nümayişinə qanunla icazə verilir və bu, söz azadlığının ifadəsi hesab olunur. Buna görə də bayrağın öz-özlüyündə nifrətə və ya zorakılığa çağırış kimi qiymətləndirilməsi mümkün deyil.

“Barselona” baş verənlərlə bağlı müvafiq izahatların verilməsini gözləyir və həm “Spotify Kamp Nou” stadionunda, həm də rəqib komandaların arenalarında üzvlərinin və azarkeşlərinin ləyaqətini, hüquqlarını və fikir azadlığını qorumaq üçün zəruri hesab etdiyi istənilən addımı atmaq hüququnu özündə saxlayır”, – klubun rəsmi saytında yayımlanan bəyanatda qeyd olunub.

Namiq HUN

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər