Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala vəsiqə qazandı - FOTO
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 2 üzvü 1/4 finala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib.
Döyüş Azərbaycan boksçusunun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, sentyabrın 22-də baş tutacaq növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq.
Nəbi İsgəndərov (70 kq) isə çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gəlib. N. İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.

