Azərbaycanı təhqir edən sözlər FIBA araşdırmasının mövzusuna çevrildi
İdman
05.03.2026 09:15
Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bri barədə Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) rəsmi şikayət göndərib.
TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov “Qafqazinfo”ya açıqlama verib.
F.Mahmudov bildirib ki, 27 fevral 2026-cı ildə keçirilmiş İrlandiya – Azərbaycan matçında baş verən hadisə federasiyanı rəsmi müraciət etməyə vadar edib. Həmin görüş Avropa çempionatı-2029-un ilkin təsnifat mərhələsi çərçivəsində baş tutub.
Onun sözlərinə görə, qarşılaşma zamanı televiziya yayımında əks olunan görüntülərdə İrlandiya millisinin baş məşqçisi taymaut zamanı Azərbaycan haqqında təhqiramiz ifadələr işlədib.
“3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış İrlandiya komandasının götürdüyü taymaut zamanı baş məşqçi Maykl Bri televiziya görüntülərində açıq şəkildə ölkəmizin adını çəkərək təhqiredici ifadələr işlədib və oyunçularını motivasiya etmək məqsədilə Azərbaycan haqqında alçaldıcı fikirlər səsləndirib. Biz bu cür kiçildici və təhqiramiz davranışı qətiyyətlə pisləyirik. Bu, milli komandalar səviyyəsində keçirilən yarış üçün tamamilə qəbuledilməzdir və basketbolun təmsil etdiyi dəyərlərə uyğun deyil.
Belə bəyanatlar təkcə ölkəmizə qarşı hörmətsizlik deyil, eyni zamanda FIBA tərəfindən qorunan fair-play, dürüstlük və qarşılıqlı hörmət kimi fundamental prinsiplərə də ziddir”, – deyə Mahmudov bildirib.
O qeyd edib ki, Beynəlxalq Basketbol Federasiyası artıq məsələni araşdırmağa başlayıb.
“FIBA tərəfindən bildirilib ki, İrlandiya millisinin baş məşqçisinin səsləndirdiyi uyğun olmayan ifadələrlə bağlı məsələ rəsmi şəkildə araşdırmaya götürülüb. İntizam işi kimi qiymətləndirilə biləcək bu insidentlə bağlı hazırda hakimlərdən və digər rəsmi şəxslərdən əlavə məlumat toplanır. Göndərilən məktub və taymaut zamanı səsləndirilən fikirləri əks etdirən video material FIBA Europe-un tək hakiminə və digər aidiyyəti qurumlara hüquqi qiymət verilməsi üçün təqdim olunub”, – o əlavə edib.
Xatırladaq ki, Dublin şəhərində yerləşən “National Basketball Arena”da keçirilən İrlandiya – Azərbaycan görüşü komandamızın 76:75 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: FİBA,Maykl Bri,Basketbol,Şikayət,Todaypress.tv,
