Azərbaycan İslandiya millilərinin Bakı qarşılaşması

İdman

13.11.2025 12:00

Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

TodayPress TV xəbər verir ki, millimiz V turda İslandiya yığması ilə üz-üzə gələcək. 13 noyabr qarşılaşması Azərbaycan və İslandiya komandaları tarixlərində üçüncü görüş olacaq.

İlk duel 2008-ci ildə Reykyavikdə təşkil olunan yoldaşlıq görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçənin qeydə alındığı oyunda millimizin heyətində Fabio Luis Ramim fərqlənib. 

Milli komandalar bir daha bu görüşdən 17 il sonra qarşılaşıblar. Eyni arenada baş tutan ikinci matç rəsmi xarakter daşıyıb. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki oyunda meydan sahibləri 5 cavabsız qolla qələbə qazanıblar. 

Artıq millinin sükanı başqa əllərdədir. Biabırçı məğlubiyyətdən sonra qoca Santuşla yollar ayrılıb və millimizin baş məşqçi postu Ayxan Abbasova tapşırılıb.

Qeyd edək ki, sayca üçüncü olacaq Azərbaycan-İslandiya matçı bu dəfə Bakıda baş tutacaq. “Neftçi Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.  

Namiq HUN

tag: İdman,Milli,Azərbaycan,DÇ-2026,İslandiya ,Todaypress.tv,