Azərbaycan güləşçiləri İslamiadaya hazırlığı yekunlaşdırır

İdman

11.11.2025 14:56

Azərbaycan güləşçiləri İslamiadaya son hazırlıq mərhələsindədir.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycan güləş milliləri son hazırlıqlarını davam etdirir.

Məlumata görə, qadın güləşçilər U-23 dünya çempionatından sonra Göygöl Olimpiya İdman Kompleksində məşq edir. Digər komandalar isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq toplanışında son hazırlıq prosesini həyata keçirir.

Toplanışa xarici yığmalar da qoşulub. Yunan-Roma güləşçiləri Bolqarıstan və Əlcəzair idmançıları ilə birgə məşq edir. Bolqarıstan millisinin heyətində olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alır.

Sərbəst güləş üzrə komandalar arasında Azərbaycanla yanaşı, Bəhreyn, Qazaxıstan və Əlcəzair də İslamiadaya birgə hazırlıq keçir. Bəhreyni təmsil edən olimpiya, dünya və ikiqat Asiya çempionu Ahmed Tajudinov da toplanışda iştirak edir.

Hazırlıq prosesi noyabrın 14-də başa çatacaq. Ertəsi gün millilər Ər-Riyada yollanacaq. Oyunlarda güləş yarışları noyabrın 18–21-də təşkil olunacaq.

TodayPress TV

tag: İslamiada,Güləş, Səudiyyə Ərəbistanı,Hazırlıq ,Todaypress.tv,