Avtoidmanda yeni dövr başlayır? “Formula-1”ə meydan oxundu
Avstraliyanın Fortescue mədən şirkətinin təsisçisi və icraçı sədri Endryu Forrest “Formula-1”i tənqid edərək avtoidmanın gələcəyinin elektrik mühərrikli “Formula-E” seriyasına məxsus olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, biznesmen bu fikirləri yeni “Fortescue Zero Racing” komandasının təqdimat mərasimində səsləndirib.
Forrestin sözlərinə görə, “Formula-1”in öz yeri var, lakin gələcək nəsil daha sürətli, texnoloji cəhətdən mükəmməl və ekoloji baxımdan təmiz yarışlara üstünlük verəcək. O, “Formula-1”in muzeyə çevrilməli olduğunu düşünür.
““Formula-1” möhtəşəmdir, lakin onun dövrü başa çatır. Gənc nəsil ən sürətli, texnoloji cəhətdən ən inkişaf etmiş və ekoloji təmiz yarışları seçəcək. Bu isə “Formula-E” olacaq”, – deyə o vurğulayıb.
Forrest “Formula-1” və “Formula-E”nin birbaşa rəqabətini də görmək istədiyini bildirib. O, “Formula-E”nin bir neçə ay ərzində “Formula-1”in onilliklər boyu əldə etdiyi nəticələrə yaxınlaşa biləcəyinə inandığını bildirib.
Qeyd edək ki, “Fortescue Zero Racing” “Formula-E” tarixində avstraliyalı sahiblərə məxsus ilk komandadır. Kollektiv ötən ilin sentyabrında “Penske Autosport” komandasının alınmasından sonra yaradılıb.
Komanda 2026/2027-ci illər mövsümündə “Jaguar” güc qurğusundan istifadə edəcək və yeni nəsil “Gen4” bolidləri ilə yarışacaq. Heyətdə britaniyalı pilotlar Den Tiktem və Teylor Barnard yer alacaqlar.
Namiq HUN