Avropanın nəhəngləri Alvares uğrunda yarışa başladı
“Atletiko Madrid” klubunun hücumçusu Xulian Alvares yay transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, argentinalı forvard baş məşqçi Dieqo Simeone ilə işləyərkən özünü rahat hiss etmir və şəxsən transferində israr edir.
Bildirilir ki, futbolçu ilə üç nəhəng klub ciddi maraqlanır – “Pari Sen-Jermen”, “Arsenal” və “Barselona”.
Xulianın nümayəndələri Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin futbolçuya şəxsi mesaj göndərdiyini təsdiqləyiblər. “Topçular”ın çalışdırıcısı Mikel Artetanın da mart-may aylarında argentinalı hücumçu ilə əlaqə saxladığı qeyd olunub.
Bundan əlavə, “Barselona”nın idman direktoru Dekunun Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə “Arsenal” arasında keçirilən oyundan əvvəl Alvaresin agentinə zəng edərək, transfer imkanının yaranacağı təqdirdə Kataloniya təmsilçisinin maraqlı olacağını bildirdiyi vurğulanıb.
Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsümdə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun dəyəri 90 milyon avro qiymətləndirilir.
Namiq HUN