“Astana”da radikal qərar: Klub strategiyasını kökündən dəyişir!
Qazaxıstanın “Astana” basketbol klubu baş məşqçi Miodraq Raykoviç və 11 oyunçu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi teleqram kanalında məlumat yayıb.
Artıq Rüstəm Murzaqaliyev, Vadim Şçerbak, Ruslan Aytkali, Vladimir İvanov, Oleq Balaşov, Aleksandr Jiqulin, Robert Pan, Sardal Abaşidze, Əmirəli Süleymanov, Vladislav İsayenko və Maqjan Sarsengaliyev “Astana”nın heyətində yer almırlar.
Klub rəhbərliyi basketbolçulara komandanın inkişafındakı xidmətlərinə və qazanılan qələbələrə görə təşəkkürünü bildirib. Kadr dəyişiklikləri klubda başlayan genişmiqyaslı yenidənqurmanın tərkib hissəsidir.
Belə ki, sentyabrın 8-də baş direktor Samson Arakelyan da vəzifəsindən ayrılıb. Bu qərarlar “Astana”nın beynəlxalq turnirlərdən imtina edərək diqqəti gənclər heyətinin sistemli hazırlanmasına yönəltməsi ilə bağlıdır.
Xatırladaq ki, klub maliyyə xərclərini optimallaşdırmaq məqsədilə VTB Vahid Liqasının 2026/2027-ci illər mövsümündə iştirakdan imtina edib.
Namiq HUN