Aqirre Meksikanın oyununa yönələn tənqidləri qəbul etmədi
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre dünya çempionatının açılış oyunundan sonra Cənubi Afrika Respublikasının (CAR) baş məşqçisi Uqo Broosun səsləndirdiyi fikirlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Meksikanın CAR üzərində 2:0 hesablı qələbəsindən sonra Broos bəzi epizodlarda meksikalı futbolçuların çaşqın göründüyünü və boş zonaları tapmaqda çətinlik çəkdiklərini deyib.
Aqirre isə bu fikirlərlə razılaşmadığını vurğulayıb:
"Yaxşı ki, hələ demədi ki, biz topu nə edəcəyimizi bilmirdik və ümidsiz vəziyyətdə idik. Əks halda onlara beş qol vurardıq! (gülür) Broosun dedikləri ilə qətiyyən razı deyiləm. Onda mən də deyə bilərdim ki, onların müdafiəsi zəif idi. Topa daha çox nəzarət edən tərəf biz idik, onlar isə qapımıza cəmi bir zərbə endirdilər. Reallıq budur", – deyə Aqirre bildirib.
Qeyd edək ki, A qrupunda keçirilən oyunda Meksika CAR-ı 2:0 hesabı ilə məğlub edib.
Namiq HUN