Antidopinq qaydalarının pozulması iki tennisçiyə baha başa gəldi
Argentina və ABŞ-dan olan tennisçilər antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıblar.
TodayPress TV xəbər verir ki, Tennisdə Mənfi Hallarla Mübarizə üzrə Müstəqil Qurum (ITIA) argentinalı tennisçi Romeo Arkuşin barədə diskvalifikasiya qərarı qəbul edib.
19 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün 20 ay müddətinə yarışlardan uzaqlaşdırılıb.
Arkuşin 16 fevral 2026-cı ildən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılmışdı. Buna səbəb onun 2025-ci ilin dekabrında Perunun Lima şəhərində keçirilən “World Tennis Tour” seriyalı turnirdə verdiyi dopinq testinin müsbət nəticələnməsi olub.
Analiz zamanı iki qadağan olunmuş maddə – stanozolol və klomifen aşkarlanıb.
Bundan başqa, 26 yaşlı amerikalı tennisçi Salma Yuinq də müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Onun 1 iyul 2026-cı ildə ABŞ-nin San-Dieqo şəhərində keçirilən “World Tennis Tour” seriyalı turnirdə verdiyi dopinq testində amfetamin aşkarlanıb.
Yuinqə tətbiq olunan müvəqqəti uzaqlaşdırma qərarı 20 avqust 2026-cı ildə qüvvəyə minib. Tennisçinin qərardan apellyasiya şikayəti vermək hüququ olsa da, hazırda bundan istifadə etməyib.
Qeyd edək ki, sanksiyaların qüvvədə olduğu müddətdə hər iki tennisçiyə yarışlarda iştirak etmək, məşqçilik fəaliyyəti ilə məşğul olmaq, həmçinin World Tennis, WTA, ATP, “Böyük dəbilqə” turnirləri və ya milli tennis federasiyaları tərəfindən təşkil olunan və ya sanksiyalaşdırılan tədbirlərdə iştirak etmək qadağandır.
Namiq HUN