Andrey Demçenko “qırmızı-ağlar”a qoşuldu

İdman

04.01.2026 12:30

“Araz-Naxçıvan” klubu yeni  baş məşqçisini açıqlayıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Andrey Demçenko ilə “5 ay+1 il” müddətinə müqavilə imzalanıb. 

O, bu postda istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, həmçinin müxtəlif illərdə Özbəkistanın “Obod”, Gürcüstanın isə “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 

50 yaşlı mütəxəssisin son iş yeri Qazaxıstanın “Jenis” klubu olub. 

Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. 

Namiq HUN

TodayPress TV

tag: Andrey Demçenko,Araz-Naxçıvan,Klub,Futbol,Oyun,Todaypress.tv,