Amorim “Mançester Yunayted”dən qovulmanı həzm edə bilmir
İdman
06.01.2026 09:30
Ruben Amorim “Mançester Yunayted” klubunun onu baş məşqçi postundan uzaqlaşdırmaq qərarını ağır keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Sky Sports mütəxəssisin yaxın ətrafına istinadən məlumat yayıb.
Bildirilir ki, Amorim son mətbuat konfranslarında səsləndirdiyi fikirlərə baxmayaraq, “Mançester Yunayted”dən ayrılmaq niyyətində olmayıb. Portuqaliyalı mütəxəssis klub rəhbərliyinin, o cümlədən idman direktoru Ceyson Uilkoksun onun işinə həddindən artıq nəzarət etdiyini düşünürdü. Bundan əlavə, Amorim taktiki qərarların qəbulunda tam sərbəstliyə malik olmadığını hesab edirdi.
Ruben etiraf edir ki, komandanın nəticələri qənaətbəxş olmayıb və o, Aleks Ferqyuson dövründən sonra “Mançester Yunayted”in bütün baş məşqçiləri arasında ən aşağı qələbə faizinə sahib olduğunu anlayır.
Buna baxmayaraq, mütəxəssis vəzifəsində qalacağı təqdirdə cari mövsüm komandanı Çempionlar Liqasına çıxara biləcəyinə əmin idi. Amorim hesab edirdi ki, ona indidən əlavə resurslar ayrılsaydı, bu, Çempionlar Liqasına vəsiqəni təmin edər və klub üçün daha böyük maliyyə gəlirləri gətirərdi.
Namiq HUN
tag: Ruben Amorim,Mançester Yunayted,Klub,İstefa,Todaypress.tv,
