Ağayev ÇL-də altıncı oyununa çıxacaq

İdman

04.11.2025 14:24

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq. 

TodayPress TV QOL.az-a istinadən xəbər verir ki, bu, 38 yaşlı hakimin Çempionlar Liqasının əsas mərhələsində idarə edəcəyi 6-cı oyun olacaq.

Liqa mərhələsinin IV turunda “Slaviya” – “Arsenal” matçının baş hakimi olacaq Ağayevə bu işdə laysmanlar Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Elçin Məsiyev isə dördüncü hakim funksiyasını yrinə yetirəcək. 

Qeyd edək ki, indiyədək Azərbaycandan heç bir hakim Avropanın bir nömrəli klub turnirində bu qədər çox sayda oyunda fit sahibi olmayıb. Əliyar Ağayev 2022/23 mövsümündən başlayaraq həmin yarışlara təyinat alır. O, ÇL-in əsas mərhələlərində “Kopenhagen” - “Borussiya Dortmund”, “Srvena Zvezda” - “Mançester Siti”, “Şturm” - “Brügge”, “Bolonya” - “Monako”, cari mövsümdə isə “Kopenhagen” - “Bayer04” matçında baş hakim olub. 

O, 5 matçda 24 dəfə sarı vərəqə göstərsə də, hələlik futbolçuları meydandan qovmayıb.

Xatırladaq ki, 2013-cü ildən FIFA referisi statusu daşıyan Əliyar Ağayev mütamadi olaraq digər avrokubok matçlarına, eləcə də milli komandalar səviyyəsində Avropa və dünya çempionatlarının seçmə oyunlarına təyinat alır.

Namiq HUN

tag: Azərbaycan,FIFA , Əliyar Ağayev ,UEFA ,Todaypress.tv,