“ROKETSAN”ın 20 sistemlik böyük təslimatı: Türkiyə müdafiə sənayesinin strateji sıçrayışı

Hərbi

09.04.2026 17:39

Türkiyənin aparıcı raket və silah istehsalçısı “ROKETSAN” Türkiyə Silahlı Qüvvələrinə 20 müxtəlif strateji raket və müdafiə sistemi təhvil verib. Bu ölkənin yerli müdafiə sənayesində əhəmiyyətli bir mərhələdir və Türkiyəni regionda daha güclü, daha müstəqil və daha çox qabiliyyətli bir oyunçuya çevirir.

Bu sistemlər çoxqatlı hava müdafiəsi, uzaq mənzilli zərbə qabiliyyəti, dəniz və quru platformaları üçün dəqiq silahlar və ağıllı sursat ailəsini əhatə edir. Nəticədə Türkiyə Silahlı Qüvvələri hava hücumundan müdafiədən tutmuş dərin düşmən ərazisinə zərbə vurmağa qədər tam spektrli üstünlük əldə edir.

Strateji əhəmiyyət və təhlil

1. “TAYFUN” Ballistik Raketi- “ROKETSAN” tərəfindən hazırlanan qısa və orta mənzilli ballistik raket ailəsidir. Komanda mərkəzləri, hava bazaları və strateji obyektlər kimi yerüstü hədəflərə hipersəs sürətlə (Mach 5+) yüksək dəqiqliklə zərbə vurmaq üçün nəzərdə tutulub. “Blok 1” variantı 2300 kq çəki, 6,5 metr uzunluq və 280 km-dən çox (sınaqlarda 560 km+) mənzilə malikdir. “Blok 4” isə daha böyük ölçüdə (10 metr, 7200 kq) və 1000-1500 km mənzilə çata bilir. Elektron müharibəyə davamlı idarəetmə sistemi və mobil buraxılış qurğusu ilə sürətli yerləşdirmə imkanı verir. Bu raket Türkiyənin ballistik zərbə potensialını əhəmiyyətli dərəcədə gücləndirir.


2. “SİPER” Uzun Mənzilli Hava və Raketdən Müdafiə Sistemi- Uzun mənzilli hava müdafiə və raketdən müdafiə sistemidir. “ROKETSAN”, “ASELSAN” və “TÜBİTAK SAGE”nin birgə məhsuludur. “Polad Qübbə” hava hücumundan müdafiə şəbəkəsinin əsas elementidir. “Blok 1” 100 km+, “Blok 2” 150 km+, “Blok 3” isə 180 km+ mənzilə malikdir. Döyüş təyyarələri, qanadlı raketlər, PUA və ballistik hədəfləri yüksək hündürlükdə tutur. Tam yerli istehsal olması xarici sistemlərə alternativ yaradır və hava müdafiəsində strateji dərinlik təmin edir.


3. “ATMACA” Gəmi əleyhinə raketi- Uzun mənzilli gəmi əleyhinə raketdir.

Bütün hava şəraitində işləyir, 250 km mənzilə malikdir. Freqat, korvet və hücum qayıqlarında, həmçinin sualtı platformalarda istifadə olunur. Aşağı radar izi və aktiv radar axtarışçısı ilə dəqiq zərbə vurur, quru hədəflərə də tətbiq oluna bilir. “Harpoon” raketinin yerli əvəzi kimi Hərbi Dəniz Qüvvələrinin əsas silahlarından biridir.


4. “HİSAR-A” (Alçaq Hündürlük) Hava Hücumundan Müdafiə Raketi -Alçaq hündürlük hava müdafiə raketidir. 15 km-dən çox tutma mənzili ilə təyyarələr, helikopterlər, qanadlı raketlər və "PUA"lara qarşı effektivdir. “FNSS ACV-30” zirehli maşın üzərində vertikal buraxılış sistemi kimi işləyir və alçaq səviyyədə taktiki müdafiəni gücləndirir.


5. “HİSAR-O RF” (Orta Hündürlük) Hava Hücumundan Müdafiə Raketi -Orta hündürlük hava müdafiə raketidir.

25 km-dən çox mənzili ilə “HİSAR-A”ya nisbətən daha yüksək hündürlükdə hədəfləri vurur. RF axtarışçı variantı elektron müharibəyə daha davamlıdır və “SİPER” ilə birlikdə çoxqatlı hava müdafiə sistemini tamamlayır.


6. “SUNGUR” Hava Hücumundan Müdafiə Raket Sistemi- Qısa mənzilli (alçaq səviyyə) portativ hava müdafiə raket sistemidir.

Maksimum 8 km mənzilə, görüntülü infraqırmızı axtarışçıya və “at və unut” (Raket özü hədəfi tapır, izləyir və vurur) rejiminə malikdir. “Stinger”ə yerli alternativ olaraq piyada və kiçik bölmələr üçün idealdır, gecə-gündüz işləyir.


7. “KARA ATMACA” "Yer-Yer" tipli Qanadlı Raket- Yer-yer qanadlı raketdir.

“ATMACA”nın quru variantı olaraq 280-400 km mənzilə malikdir. Aşağı müşahidə edilə bilmə qabiliyyəti və data link ilə strateji quru hədəflərə (komanda mərkəzləri, hava müdafiə mövqeləri) dəqiq zərbə vurur.


8. “ÇAKIR” Qanadlı Raketi- Kompakt, çoxplatformlu yeni nəsil qanadlı raketdir.

Hava buraxılışı ilə 150 km+, səth buraxılışı ilə 100 km+ mənzilə malikdir. PUA, helikopter, gəmi və yer platformalarından istifadə oluna bilir. Aşağı radar izi ilə taktiki zərbələr üçün yüksək effektivdir.


9. “SOM” Qanadlı Raketi- Hava-yer “uzaqdan zərbə” qanadlı raketdir.

250 km-dən çox mənzili ilə “F-16”, “F-35” və “PUA”lardan buraxılır. Dərin düşmən ərazisindəki yüksək dəyərli hədəflərə qarşı istifadə olunur.


10. “T-107/122” Yaylım Atəşli Reaktiv Sistem (YARS)- “Modulyar çoxlu buraxılış reaktiv system”dir (MBRL).

107 mm və 122 mm raketləri buraxa bilir. İdarəetməli variantları ilə artilleriya dəstəyini gücləndirir və sürətli atəş imkanı verir.


11. “MAM-L” Mini Ağıllı Sursat- Lazer idarəetməli mini ağıllı sursatdır. 22 kq çəki və 15 km mənzil ilə “Bayraktar TB2” və “Akıncı” kimi PUA-lar üçün nəzərdə tutulub. Zirehli texnika və personala qarşı yüksək dəqiqlik təmin edir.


12. “MAM-C” Mini Ağıllı Sursat- Daha kiçik və yüngül mini ağıllı sursat variantıdır.

6,5 kq çəki və 8 km mənzil ilə minimum yük ilə maksimum zərbə effekti verir.


13. “MAM-T” Ağıllı Sursat- Daha böyük və güclü ağıllı sursatdır.

95 kq çəki və 30 km+ mənzil ilə ağır PUA və yüngül təyyarələr üçün yüksək dağıdıcı güc təmin edir.


14. “TEBER” İdarəetmə Dəsti “Lazer + GNSS” idarəetmə dəstidir.

“MK-81/MK-82” tipli bombaları ağıllı sursata çevirərək 8-30 km mənzildə dəqiq zərbə imkanı yaradır.


15. “L-OMTAS” Lazer tipli Orta Mənzilli Tankəleyhinə Silah Sistemi- Lazer idarəetməli orta mənzilli tank əleyhinə raketdir.

4-5,5 km mənzil ilə dəqiq və ucuz anti-tank zərbəsi təklif edir.


16. “OMTAS” Orta Mənzilli Tankəleyhinə Silah Sistemi- Görüntülü infraqırmızı axtarışçılı orta mənzilli tank əleyhinə raketdir.

“At və unut” rejimi ilə 0,2-4 km məsafədə zirehli texnikaya qarşı effektivdir.


17. “CİRİT” Lazer tipli Raket- 70 mm lazer idarəetməli raketdir.

1,5-8 km mənzil ilə helikopter və yer platformaları üçün çoxməqsədli zərbə silahıdır.


18. “L-UMTAS” Lazer tipli Uzaq Mənzilli Tankəleyhinə Silah Sistemi- Lazer idarəetməli uzaq mənzilli tank əleyhinə raketdir.

8 km və daha çox mənzil ilə yerli anti-tank sistemlərinin ən uzaq mənzillilərindən biridir.


19. “KARAOK” Portativ Tankəleyhinə Silah Sistemi- Portativ (piyada daşıya bilən) tank əleyhinə sistemdir.

2,5 km mənzil və “at və unut” rejimi ilə piyada bölmələri üçün yüksək dəqiqlikli qısa mənzilli zərbəni təmin edir.


20. “İHA-230” Səsdən sürətli "Hava-Yer" tipli Ballistik Raket- PUA-lardan (“Akıncı”, “Aksungur”) buraxılan səsdən sürətli (supersonik) hava-yer ballistik raketdir.


150 km+ mənzil ilə stasionar quru və dəniz hədəflərinə, radarlara və komanda mərkəzlərinə qarşı istifadə olunur.

Bu 20 sistemin təhvil verilməsi “ROKETSAN”ın yeni istehsal müəssisələrinin açılışı ilə üst-üstə düşür və Türkiyənin dizayndan seriyalı istehsala keçidini göstərir. Nəticədə xarici asılılıq azalır, ixrac potensialı artır və regionda strateji balans dəyişir. Bu Türkiyə müdafiə sənayesində “Made in Türkiye” prinsipi ilə tam müstəqilliyə doğru atılan ən konkret addımlardan biridir.

Nicat Osmanlı

tag: ROKETSAN,Ballistik raket,Hava Hücumundan müdafiə,Ağıllı sursat,Todaypress.tv,