5 ölkənin alimləri Ağrı dağında nə aşkar etdi? - Nuhun gəmisində...

5 ölkənin alimləri Ağrı dağında nə aşkar etdi? - Nuhun gəmisində...
28.09.2026 05:20 Dünya

Türkiyədə Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışları zamanı yeni nəticələr əldə edildiyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bunu beynəlxalq tədqiqat layihəsinin rəhbəri, Türkiyənin Sivas Universitetinin professoru Cenkər Atilla bildirib.

Onun sözlərinə görə, 2026-cı il üzrə Nuhun gəmisinin axtarışları başa çatıb. Tədqiqatlar zamanı daşqından əvvəlki dövrə aid olduğu ehtimal edilən gil qablar aşkarlanıb. Torpaq nümunələri araşdırılmaq üçün Ankaraya göndərilib və analiz prosesi davam edir.

Professor qeyd edib ki, hələ 100 faizlik nəticə əldə olunmasa da, araşdırma zamanı bəşəriyyəti təəccübləndirə biləcək məlumatlar əldə edilib. Onun sözlərinə görə, nəticələr yaxın vaxtlarda elmi məqalə və kitablarda dərc olunacaq.

Araşdırmalar Ağrı dağından 28 kilometr məsafədə yerləşən Durupınar ərazisində gəmini xatırladan qaya formasiyası üzərində aparılır. Formasiyanın uzunluğu 164 metrdir. Bu ölçü Bibliyada Nuhun gəmisinin uzunluğu kimi göstərilən 300 qulacla uyğunlaşdırılır.

Layihə çərçivəsində beş ölkədən 20-yə yaxın alim iştirak edir. Ərazi üzrə 3D modellər hazırlanıb, GPS nöqtələri müəyyənləşdirilib və yeraltı süxurlar radar sistemləri vasitəsilə skan edilib.

Tədqiqatlar zamanı formasiyanın daxilində bir sıra boşluqlar və müxtəlif səviyyələrdə bir-biri ilə kəsişən strukturlar aşkar edilib. Həmçinin formasiyanın daxili hissəsindən götürülən nümunələrdə karbon miqdarının xarici hissə ilə müqayisədə 40 faiz çox olduğu müəyyənləşdirilib.

Atillanın sözlərinə görə, bu göstərici üzvi maddələrin və ya ağac qalıqlarının mövcudluğuna işarə edə bilər. Bununla belə, Nuhun gəmisinin məhz bu ərazidə yerləşdiyini təsdiqləyən yekun elmi nəticə hələ açıqlanmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər