Çinli mütəxəssislər də onlarla getdi: Atlantada 10 il qalacaq "qonaqlar" kimdir?
Çinin Çendu şəhərindən iki nəhəng panda ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlantadakı zooparkda keçirəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Erkək Pinpin və dişi Fuşuan Çendu Şuanlyu Beynəlxalq Hava Limanından ABŞ-yə yola düşüblər. Heyvanların yola salınmasından əvvəl Çendudakı Nəhəng Pandaların Öyrənilməsi və Yetişdirilməsi Mərkəzində onlar üçün vida mərasimi keçirilib.
Səfər üçün Çinli mütəxəssislər pandalar üçün təzə bambuk, bambuk zoğları, alma və dərman preparatları hazırlayıblar. Heyvanlar uçuşdan əvvəl daşınma şəraitinə uyğunlaşmaları üçün xüsusi hazırlıq keçiblər.
ABŞ-yə çatdıqdan sonra pandalar karantində saxlanılacaq. Çinli mütəxəssislər isə onların yeni şəraitə uyğunlaşmasına kömək etmək üçün ilk müddət ərzində Atlantada qalacaqlar.
Pandaların ABŞ-yə göndərilməsi Çin-ABŞ arasında bu heyvanların qorunması üzrə proqramın yeni mərhələsinin bir hissəsidir. Razılaşma pandaların yetişdirilməsi, xəstəliklərin qarşısının alınması, elmi tədqiqatlar və onların təbii yaşayış mühitinin qorunması sahələrində 10 illik əməkdaşlığı nəzərdə tutur.
Aysel Mətləb