Glock 17: Polimer çərçivəli əfsanə
Hərbi
03.04.2026 18:18
Avstriyanın “Glock GmbH” şirkəti tərəfindən hazırlanmış “Glock 17” müasir dövrdə ən geniş istifadə olunan və ən etibarlı tapançalardan biri hesab olunur.
1980-ci illərin əvvəllərində Gaston Glock tərəfindən Avstriya ordusu üçün yaradılan bu model polimer çərçivəsi, “striker-fired” (vurucu mexanizm) sistemi və “Safe Action” (Təhlükəsiz Fəaliyyət) təhlükəsizlik konsepsiyası ilə silah sənayesində inqilabi dönüş yaratdı.

“9×19 mm Parabellum” patronu ilə işləyən “Glock 17” adını daraq tutumundan deyil, Gaston Glock-un qeydiyyatdan keçirdiyi 17-ci patentdən alıb.
1982-ci ildə Avstriya ordusu tərəfindən Pistole 80 (P80) adı ilə qəbul edilən bu tapança bu gün 100-dən çox ölkənin ordu və hüquq-mühafizə orqanlarının arsenalında yer alır. 2026-cı ilin yanvarında təqdim edilən “Gen6” seriyası isə daha da təkmilləşdirilmiş erqonomika, düzüzlü tətik və artırılmış dəqiqlik ilə diqqət çəkir.

Tarix və inkişaf
1980-ci ildə Avstriya ordusu köhnəlmiş “Walther P38” modelini əvəz etmək üçün yeni xidmət tapançası müsabiqəsi elan etdi. Silah dizaynı sahəsində təcrübəsi olmasa da, polimer materiallar üzrə mütəxəssis olan Gaston Glock qısa müddətdə peşəkar komanda formalaşdırdı və cəmi üç aya ilk prototipi hazırladı.

“Glock 17” bu müsabiqədə “Heckler & Koch”, “SIG Sauer”, “Beretta” və “FN Herstal” kimi nəhəng rəqibləri geridə qoyaraq qalib olub. 1982-ci ildə Avstriya ordusu tərəfindən 25 min ədəd sifariş verildi. Sonrakı illərdə NATO testlərini uğurla keçən model Norveç (1985) və İsveç (1988) tərəfindən də qəbul edildi. ABŞ-də isə 1980-ci illərin sonlarından etibarən polis strukturlarında geniş yayılaraq fenomen simvola çevrildi.
Taktiki-texniki xüsusiyyətlər
Glock 17-nin əsas üstünlüyü onun sadə və etibarlı konstruksiyasıdır. Silah cəmi 34 hissədən ibarətdir ki, bu da analoqlarla müqayisədə xeyli azdır.
Polimer çərçivə onu həm yüngül, həm də korroziyaya davamlı edir. “Safe Action” sistemi isə üç daxili təhlükəsizlik mexanizmini birləşdirir:
• tətik təhlükəsizliyi - bu mexanizm tətiyin təsadüfən sıxılmasının qarşısını alaraq istəmədən atəş açılmasını əngəlləyir
• Zərbə iynəsinin bloklama mexanizmi - bu mexanizm zərbə iynəsinin hərəkətini bloklayaraq təsadüfi atəşin qarşısını alır
• düşmə təhlükəsizliyi - Zərbə nəticəsində atəşin qarşısını alan təhlükəsizlik mexanizmi

Əsas texniki göstəricilər (Gen5 və Gen6):
• Patron: 9×19 mm Parabellum
• Çəki: ~625–630 q (boş)
• Uzunluq: 204 mm
• Lülə: 114 mm
• Daraq: 17 patron (standart), 19/24/33-lük variantları mövcuddur
• Atəş rejimi: yarımavtomatik
Bu model ekstremal şəraitlərdə – palçıq, qum, su və soyuqda – yüksək etibarlılıq nümayiş etdirir və minlərlə atəşdən sonra belə stabil işləməsi ilə tanınır.
Nəsillər və variantlar
• Gen1 (1982–1988): İlk versiya
• Gen2: Təkmilləşdirilmiş tutuş
• Gen3: Aksesuar relsi və barmaq oyuqları
• Gen4: Dəyişdirilə bilən arxa panel, daha yaxşı ergonomika
• Gen5 (2017–2025): ambidextrous (hər iki əl üçün) idarəetmə,
• Gen6 (2026):daha yüksək dəqiqlik və yenilənmiş dizayn

Bu gün müxtəlif hərbi və polis əməliyyatlarında özünü sübut edən bu model minimal texniki xidmətlə yüksək performans təqdim edir.
Glock 17 müasir silah sənayesində dönüş nöqtəsi hesab olunur. Onun sadəliyi, etibarlılığı və yüksək funksionallığı onu uzun illərdir “qızıl standart” səviyyəsində saxlayır.
2026-cı ilin Gen6 yenilənməsi isə bu əfsanəvi platformanın gələcək onilliklərdə də aktuallığını qoruyacağını göstərir. Glock 17 artıq sadəcə tapança deyil – bu, silah tarixinin formalaşmasında mühüm rol oynamış simvollardan biridir.
Nicat Osmanlı
tag: Glock 17,Tapanca,Avstriya,Gaston Glock ,Todaypress.tv,
