Birləşmiş türk ordusu İran və Ermənistan sərhədində bayraq dəyişdirdi
Hərbi
10.04.2026 15:08
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın qeyd olunması məqsədilə Qarsda sərhəd xəttində bayraq dəyişdirmə mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsinə uyğun olaraq Qarsda baş tutacaq “Heydər Əliyev–2026” birgə hərbi təlimindən əvvəl sərhəd zonasında qürurverici mərasim təşkil olunub.
Təlimə hazırlıq çərçivəsində Azərbaycan və Türkiyə bayraqlarının dəyişdirilməsi həyata keçirilib. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun Qərargahından yola düşən Azərbaycan bayraq bölməsi Araz çayı üzərində yerləşən “Ümid” (Sədərək) sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. Eyni zamanda Qarsdan hərəkətə başlayan Türkiyə bayraq bölməsi də mərasim ərazisinə gəlib.
Sərhədin mərkəzində hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qardaşlıq rəmzi olaraq bayraq dəyişdirmə mərasimi icra olunub. Tədbirdə çıxış edən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kənan Seyidov birgə təlimin strateji əhəmiyyətini vurğulayaraq şəxsi heyətə uğurlar arzulayıb.
Mərasimdən sonra Azərbaycan hərbi bölmələri Qarsdakı təlim ərazisinə yola düşüblər.
Qeyd edək ki, “Heydər Əliyev–2026” birgə təliminin əsas məqsədləri müasir döyüş şəraitinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, hərtərəfli döyüş dəstəyi və taktiki koordinasiya üzrə təcrübə mübadiləsi, eləcə də müxtəlif çətin şəraitlərdə döyüş və xüsusi əməliyyat bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimin yaxın günlərdə Qarsın çətin relyefli ərazilərində real döyüş ssenarilərinə uyğun simulyasiya və əməliyyatlarla davam etdiriləcəyi bildirilir.
Bu təlim bir daha “Bir millət, iki dövlət” prinsipinin praktiki müstəvidə hərbi əməkdaşlıqla gücləndirildiyini nümayiş etdirir.
Jalə Rövşən
tag: Azərbaycan,Türkiyə,Qars,Bayraq ,Todaypress.tv,
