TikTok-da dələduzluq edən “hüquqşünas” həbs edildi

Hadisə

28.01.2026 14:00

TikTok-da vətəndaşlara qarşı dələduzluq edən “hüquqşünas” həbs edilib.

Bu barədə DİN-dən TodayPress TV-yə məlumat verilib.

Bildirilib ki, platformasda “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli qeyd edib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva *145* zərərçəkmiş şəxsin ümumilikdə *449 916* manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın *381 529* manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.

TodayPress TV 


tag: TikTok,Vətəndaş,Hüquqşünas,Dələduzluq,Todaypress.tv,