Şəmkirdə qatar yoluna çıxan 24 yaşlı gənc həyatını itirib - YENİLƏNDİ
Bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev APA-ya bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.
ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
***
08.49
Şəmkirdə gənc oğlanı qatar vurub.
TodayPress TV xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.
Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.