Baş Prokurorluq: "Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açıldı"
Hadisə
21.11.2025 23:05
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.
Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
22:04
Noyabrın 21-i saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
****
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bidirilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülüb.
Qeyd edək ki, hadisə nəticəsində iki nəfər tüstüdən boğularaq ölüb. Ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.
tag: yasamal, Yanğın, Mirəli Seyidov, Polis,todaypress.tv,
