Müəllimlərin geyim məsələsi yenidən gündəmdə...

Elm və Təhsil

29.01.2026 17:55

“Müəllimlər üçün vahid geyim formasının məcburi tətbiqi düzgün yanaşma deyil”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.


Onun sözlərinə görə, müəllim peşəkar və formalaşmış şəxsiyyətə malikdir və geyim seçimi zamanı məsuliyyətli davranmaq bacarığına sahibdir:

“Bununla yanaşı, məktəb rəsmi mühit hesab olunduğundan müəllim yalnız verdiyi biliklərlə deyil, həm də davranışı və xarici görünüşü ilə şagirdlərə örnək olmalıdır. Tam vahid forma tətbiq etməkdənsə, müəllimlərin səliqəli, təmiz və peşəkar görünüşünü təmin edən minimum geyim tələblərinin müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Beynəlxalq təcrübə də bu yanaşmanı dəstəkləyir”.

Ekspert əlavə edib ki, əsas diqqət geyimin vahid olmasına deyil, onun estetik, peşəkar və təhsil mühitinə uyğunluğuna yönəldilməlidir:

“Azərbaycanda da bu məsələ hüquqi əsaslarla tənzimlənir. Belə ki, “Təhsilverənlərin etik davranış qaydaları”nda müəllimin xarici görünüşünün və geyiminin çalışdığı təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun olması açıq şəkildə əksini tapır. Müəllimin geyimi təkcə şəxsi seçim deyil, eyni zamanda peşə etikası və məktəb mədəniyyətinin ayrılmaz hissəsidir. Əsas hədəf vahid forma tətbiqi yox, məktəb mühitini gücləndirən, şagirdlərdə estetik zövqün formalaşmasına töhfə verən səliqə və peşəkarlığın təmin olunmasıdır”.

Qeyd edək ki, Türkiyədə bəzi müəllimlərin uyğunsuz geyimdə və valideyn icazəsi olmadan şagirdləri sosial mediaya trendləri ilə bağlı videolara cəlb etməsini əks etdirən görüntülər yayılıb. Şəxslərdən biri də azərbaycanlıdır. Nazirlik 81 şəhər üzrə yüksək izləyicisi olan müəllimlər haqqında məlumat toplayır və nəticələrə əsasən xəbərdarlıqdan işdən çıxarılmaya qədər intizam tədbirləri tətbiq oluna bilər.   

Türkan İsgəndərli

TodayPress TV

tag: Rizvan Fikrətoğlu,Ekspert,Müəllim,Geyim,Todaypress.tv,