Elektron dərsliklərə keçid: Hansı üstünlükləri olacaq?
Elm və Təhsil
22.01.2026 13:57
Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif edilib. Millət vəkili Ceyhun Məmmədov bildirib ki, mövcud səhvlər operativ şəkildə aradan qaldırılacaq.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə dərsliklərin rəqəmsallaşdırılması prosesinin artıq bir müddətdir başladıəını və elektron dərsliklərin hazırlanması istiqamətində işlərin davam etdiyini deyib.
![]()
Onun sözlərinə görə, yaxın mərhələdə elektron dərsliklərə tam keçid mümkün ola bilər:
"Dünyanın bir çox ölkəsində elektron dərsliklərdən geniş istifadə olunur və bu təcrübə öz müsbət nəticələrini verib. Elektron dərsliklər hər bir vətəndaş üçün tədris resurslarına daha rahat çıxışı təmin etməklə yanaşı, ümumi təhsil resurslarından səmərəli istifadəyə də şərait yaradır".
Ekspertin fikrincə, ölkəmizdə bu proses daha da sürətləndirilməli və elektron dərsliklərə keçid mərhələli şəkildə zərurətə çevrilməlidir:
"Rəqəmsallaşdırma dərsliklərdəki səhvlərin daha çevik şəkildə düzəldilməsinə imkan verir və eyni zamanda kağız daşıyıcılı dərsliklərin tapılmasında yaşanan çətinlikləri aradan qaldırır. Elektron dərslikləri yükləmək və istifadə etmək isə daha asan və əlçatandır. Bu yenilik şagirdlərin gündəlik daşıdığı məktəbli çantasının ağırlığının azalmasına da səbəb olacaq. Şagirdlərin dərslikləri bir planşet vasitəsilə daşıması onların fiziki sağlamlığı baxımından müsbət qiymətləndirilir".
Elçin Əfəndi qeyd edib ki, elektron dərsliklərdən istifadə zamanı göz zəifliyi müəyyən risk faktoru yarada bilər. Lakin bu risk qoruyucu eynəklərdən və ekran üçün nəzərdə tutulmuş xüsusi qoruyucu şüşələrdən istifadə etməklə minimuma endirilə bilər.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Elektron,Təhsil,Todaypress.tv,
