Ekspert: "Yeni tələb regiondakı şagirdlərə çətinlik yaradacaq"
Elm və Təhsil
09.02.2026 17:32
"Attestat imtahanında ingilis dili fənni üzrə tətbiqi nəzərdə tutulan 100 sözdən ibarət esse ilk növbədə şagirdlərin dil bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə xidmət edir".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, esse yazısı şagirdin yalnız qrammatika və söz ehtiyatını deyil, eyni zamanda fikrini ingilis dilində məntiqi şəkildə ifadə etmə, arqument qurma və yazı mədəniyyətini də üzə çıxarır.
"Şagirdin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını yoxlamağa yönəlib və əsas məqsəd şagirdin fikirlərini məntiqli ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarmaqdır. Esse tələbi şagirdləri mexaniki əzbərdən uzaqlaşdıraraq daha yaradıcı düşünməyə təşviq edəcək. Bu da gələcəkdə ali təhsil və beynəlxalq imtahanlara (IELTS, TOEFL və s.) hazırlıq baxımından müsbət addımdır".
Ekspert vurğulayıb ki, dünyada bir çox ölkələrdə dil biliklərinin qiymətləndirilməsində yazı bacarığı əsas meyarlardan biridir və Azərbaycan da bu baxımdan beynəlxalq təcrübəyə yaxınlaşır.

"Təəssüf ki, hazırda bütün məktəblərdə ingilis dili tədrisinin səviyyəsi eyni deyil. Xüsusilə region məktəblərində şagirdlərin esse yazmaq bacarığı üçün yetərli baza formalaşmayıbsa, bu, müəyyən çətinliklər yarada bilər. Müəllim hazırlığı, metodika və dərsliklər bu tələblə uyğunlaşdırılmalıdır".
Rizvan Fikrətoğlu əlavə edib ki, bu dəyişiklik uzunmüddətli perspektivdə müsbətdir, lakin keçid dövründə, yəni ilk 1-2 il ərzində nəticələrdə eniş-yoxuşlar müşahidə oluna bilər. Burada müəllim hazırlığı və məktəblərin imkanları həlledici rol oynayacaq.
Qeyd edək ki, 2027-ci ildən 11 illik təhsil səviyyəsində buraxılış imtahanlarında ingilis dili fənni üzrə (yazı bacarıqlarını yoxlamaq üçün) təxminən 100 sözdən ibarət esse (yazı işi) tətbiq edilməsi nəzərdə tutulur.
Türkan İsgəndərli
tag: Rizvan Fikrətoğlu,Ekspert,Elm,Təhsil,Todaypress.tv,
