Doktorantura sistemi dəyişir? - AÇIQLAMA

Elm və Təhsil

26.01.2026 17:39

Milli Məclisdə “Təhsil haqqında” Qanunun yenidən hazırlanması çərçivəsində doktorantura təhsili ilə bağlı mühüm təklif irəli sürülüb. Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov mövcud ikipilləli müdafiə sisteminin tədricən ləğv edilərək vahid doktorluq dərəcəsi modelinə keçidi təklif edib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu yanaşma beynəlxalq ali təhsil və doktorantura modellərinə tam uyğundur və uzun illərdir mövcud olan problemlərin aradan qaldırılmasına imkan verə bilər.


Onun sözlərinə görə, hazırda Azərbaycanda tətbiq olunan ikipilləli doktorantura sistemi Sovet dövründən miras qalıb və bu model xüsusilə gənc tədqiqatçılar üçün ciddi vaxt itkisinə səbəb olur:

"Əvvəl fəlsəfə doktoru, daha sonra elmlər doktoru mərhələsindən keçmək elmi karyeranın uzanmasına, gənclərin uzun illər müdafiə prosesində qalmasına gətirib çıxarır. Birmərhələli doktorantura sistemi bu problemi aradan qaldıra bilər. Vahid doktorluq dərəcəsi həm vaxt itkisinin qarşısını alacaq, həm də gənc kadrların elmi fəaliyyətə daha erkən və effektiv şəkildə qoşulmasına şərait yaradacaq. Bu model çərçivəsində elmi məqalələrin yazılması, tədqiqat işlərinin hazırlanması və müdafiə prosesi daha çevik və məqsədyönlü olacaq".

Ekspert vurğulayıb ki, təkpilləli doktorantura sistemi eyni zamanda beynəlxalq standartlarla uyğunlaşmanı da asanlaşdıracaq. Bu yanaşma Azərbaycan elminin beynəlxalq doktorantura proqramları, elmi layihələr və nüfuzlu jurnallarla inteqrasiyasına müsbət təsir göstərəcək:

"İkipilləli sistemin əsas mənfi cəhətlərindən biri uzun müddətli proses nəticəsində kadrların yorulması, yaş həddinin yüksəlməsi və elmi fəaliyyətə marağın azalmasıdır. Yeni model isə bu riskləri minimuma endirir və xüsusilə beynəlxalq elmi əməkdaşlıq baxımından daha geniş imkanlar açır".

Ramin Nurəliyev qeyd edib ki, Azərbaycan təhsil sistemi artıq Sovet tədris modelindən uzaqlaşmalı və Avropa-beynəlxalq ali təhsil sisteminə inteqrasiya üçün ən optimal variant olan birmərhələli doktorantura modelini qəbul etməlidir. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Doktorantura,Qanun,Təhsil,İkipilləli,Todaypress.tv,