DİM sınaq imtahanları niyə pulludur? – Etibar Əliyevdən açıqlama
Elm və Təhsil
10.02.2026 17:12
Dövlət İmtahan Mərkəzinin (DİM) sınaq imtahanlarının ödənişli olması cəmiyyətdə tez-tez müzakirələrə səbəb olur. Xüsusilə də bu imtahanların dövlət qurumu tərəfindən keçirildiyini nəzərə alan valideynlər və şagirdlər “niyə pulludur?” sualını gündəmə gətirirlər.
Mövzu ilə bağlı keçmiş millət vəkili, fəlsəfə doktoru Etibar Əliyev TodayPress TV-yə açıqlama verib.
O bildirib ki, imtahanlarda iştirakla bağlı qanunvericiliyə dəyişiklik edilib və sınaq imtahanları məhz bu dəyişikliklərə uyğun şəkildə təşkil olunur:
"Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və bu status qurumun fəaliyyətini davam etdirməsi üçün maliyyə vəsaitinə ehtiyac yaradır. Publik hüquqi şəxsin əməkdaşlarının maaşı ödənilməli, binası saxlanılmalı, texniki və inzibati xərcləri qarşılanmalıdır. DİM-in başqa sabit gəlir mənbəyi olmadığı üçün bu xərclər imtahanlardan əldə olunan vəsait hesabına ödənilir. Bu, kiminsə şəxsi istəyi ilə edilmir, qanunla tənzimlənir".
Fəlsəfə doktoru vurğulayıb ki, sınaq imtahanları məcburi xarakter daşımır və şagirdlər bu imtahanlarda yalnız biliklərini yoxlamaq və özlərinə əminlik yaratmaq məqsədilə iştirak edirlər:
“Bu mexanizm şagirdlərin xeyrinədir. Kim istəmirsə, imtahanda iştirak etmir. Bir çox valideyn ayda övladını dörd-beş hazırlıq kursuna göndərir və bu, bəzən min manata qədər xərc tələb edir. Valideynlər bu məbləği tərəddüd etmədən ödəyirlər. Amma DİM-in 20-40 manatlıq sınaq imtahanı keçirməsi böyük narazılıq doğurur. Halbuki bu vəsait mərkəzin yaşaması, işçilərin maaşı və texniki xərclər üçün nəzərdə tutulur".
Keçmiş deputat təhsil sistemindəki digər problemlərə də toxunub. O qeyd edib ki, repetitorluq fəaliyyəti faktiki olaraq vergiyə cəlb olunmur və bu sahədə ciddi xaos mövcuddur:
"Bu gün hazırlıqlar əsasən evlərdə keçirilir, bəzən isə müəllimlər məktəb otaqlarını direktordan icarəyə götürürlər və buna görə külli miqdarda vəsait ödəyirlər. Bu böyük dövriyyədən isə vergi tutulmur. Amma repetitorluğu birdən-birə ləğv etmək də mümkün deyil. Problemin kökü məktəblərdəki real vəziyyətlə bağlıdır. 30-40 şagirdlik siniflərdə müəllimlərin fənni tam və keyfiyyətli şəkildə mənimsətməsi praktiki olaraq mümkün deyil. Bu gün minlərlə şagirdi əlində test kitabçası ilə binaların qarşısında görürük. Şagirdlər faktiki olaraq məktəbdən didərgin düşüblər".
Etibar Əliyev sonda qeyd edib ki, məktəbdə real nizam-intizam və effektiv tədris olsaydı, vəziyyət fərqli ola bilərdi. Amma mövcud reallıq buna imkan vermir.
Türkan İsgəndərli
tag: Etibar Əliyev,fəlsəfə doktoru,DİM,İmtahan,Todaypress.tv,
