Beynəlxalq Təhsil Günü: Həllini gözləyən problemlər...
Elm və Təhsil
24.01.2026 18:00
24 yanvar dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. BMT Baş Assambleyasının 3 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təsis edilən bu günün əsas məqsədi cəmiyyətə təhsil hüququnun ən mühüm insan hüquqlarından biri olduğunu xatırlatmaq, dövlətlərin bu sahədəki məsuliyyətinə diqqət çəkməkdir.
Beynəlxalq Təhsil Günü təhsilin cəmiyyətlərin inkişafındakı həlledici rolunu, savadlı və bilikli gənc nəslin yetişdirilməsinin strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə açıqlamasında bildirib ki, Azərbaycan dövləti təhsilin inkişafı və gənclərin bilikli yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır.

Onun sözlərinə görə, bu sahədə müəllimlərin sosial rifahının yaxşılaşdırılması və maaşlarının artırılması da əsas diqqət mərkəzində saxlanılır.
“Hazırda Azərbaycan təhsili islahatlar mərkəzindədir və ölkədə bu istiqamətdə mühüm dəyişikliklər həyata keçirilir. Bu islahatlar bəzi hallarda cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, dövlətin məqsəd və məramı aydındır”, - deyə parlamentari vurğulayıb.
Onun fikrincə, təhsil sahəsində aparılan islahatların uğurlu olması üçün cəmiyyətin də bu prosesə dəstək göstərməsi vacibdir. Onun sözlərinə görə, görülən işlərlə yanaşı, hələ də həllini gözləyən məsələlər var və ilk növbədə təhsilin keyfiyyəti ilə məzmununun dəyişdirilməsinə ehtiyac duyulur.
Deputat əlavə edib ki, məzmun, keyfiyyət, tədris proqramları, dərsliklər və müəllim əməyinin qiymətləndirilməsi istiqamətində atılacaq ciddi addımlar təhsilin daha da inkişafına imkan yaradacaq.
Aysel Mətləb
tag: Ceyhun Məmmədov,Deputat,Təhsil,Problem,Todaypress.tv,
