Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI

Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI
22.06.2026 16:48 Elm və Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, paytaxtda 46 mindən çox şagird bir il ərzində oxuduğu məktəbi dəyişib. Bu qədər şagirdin yerdəyişmə etməsi insanlarda müxtəlif düşüncələrin yaranmasına səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu göstəricini yalnız təhsil sistemində problem kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, şagird yerdəyişmələrinin arxasında daha çox sosial və məişət amilləri dayanır.


Ekspert qeyd edib ki, valideynlərin iş yerinin dəyişməsi, ailələrin regionlardan Bakıya və ya əksinə köçməsi kimi hallar şagirdlərin məktəb dəyişməsində əsas səbəblərdəndir. Eyni zamanda, yaşayış ünvanının dəyişməsi, məsələn, kirayədən yeni evə köçmək şagirdlərin yeni əraziyə uyğun məktəbə yönləndirilməsinə gətirib çıxarır.

Ekspert əlavə edib ki, bəzi hallarda valideynlərin təhsil müəssisəsindən narazılığı, məktəbdə yaranan müəyyən problemlər, rəhbərlik və ya müəllim dəyişikliyi də yerdəyişməyə təsir göstərir. Lakin onun fikrincə, bu hallar ümumi statistika içində daha kiçik paya malikdir.

Ekspert vurğulayıb ki, yerdəyişmələrin elektron sistem vasitəsilə həyata keçirilməsi prosesi daha şəffaf və əlçatan etsə də, rəqəmin böyük görünməsi ictimai müzakirələrə səbəb olur.

“46 min rəqəmi yüksək görünə bilər, amma səbəbləri nəzərə aldıqda bunu yalnız təhsil sistemindəki problemlə əlaqələndirmək düzgün olmaz. Təhsildən narazılıq səbəbilə yerdəyişmə edənlərin payının çox olduğunu düşünmürəm”, – deyə, o, bildirib.

Ramin Nurəliyev ümumilikdə bu göstəricini tək bir faktorla izah etməyin çətin olduğunu və müxtəlif sosial səbəblərin birlikdə rol oynadığını qeyd edib.

Xanım Musayeva

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər