Azərbaycanda universitetə qəbul çətindir? - Region ölkələrində VƏZİYYƏT

Elm və Təhsil

28.04.2026 15:14

Ölkə üzrə universitetə qəbul üçün bir neçə imtahan modeli dəyişdirilib. Əvvəllər qəbul prosesi daha sadə idi və əsasən bir mərhələdən ibarət olurdu. Abituriyentlər yalnız bir dəfə test imtahanı verirdilər. Suallar test formasında idi və ixtisas qruplarına uyğun fənlərdən təqdim edilirdi. Ümumi bal sistemi 700 bal üzərindən hesablanırdı. Buraxılış imtahanlarının isə qəbul prosesinə demək olar ki, heç bir təsiri yox idi. 

Ancaq 2019-cu ildə bu sistem dəyişərək ikimərhələli oldu. Abituriyentlər əvvəlcə buraxılış imtahanı verirlər və bu imtahanın nəticəsi həm attestat, həm də qəbul üçün nəzərə alınır (Azərbaycan dili, riyaziyyat və xarici dil) və 300 bal ilə hesablanır.

Daha sonra ixtisas qrupuna uyğun olaraq qəbul imtahanı keçirilir, 400 ballıq sistemdir. Yekun bal buraxılış və qəbul imtahanlarının nəticələrinin birləşdirilməsi ilə hesablanır. Qabiliyyət tələb edən ixtisaslar üçün ayrıca müsabiqə keçirilir.

Cəmiyyət arasında hələ də yeni və köhnə sistemləri müqayisə edənlər var. Bəs qonşu ölkələrində vəziyyət necədir? 

Rusiya: ЕГЭ (Unified State Exam) 100 ballıq vahid sistemdir. Məktəb buraxılışı və universitet qəbulu bu imtahanla həyata keçirilir. Bu, ölkə üzrə vahid standartlaşdırılmış testdir.

Məcburi fənlər Rus dili və Riyaziyyat, seçmə fənlər Fizika, Kimya, Biologiya, Tarix, Cəmiyyətşünaslıq, Coğrafiya, Ədəbiyyat, İnformatika, Xarici dillər və başqalarıdır.

Hər fənn 100 ballıq test şkalası üzrə qiymətləndirilir. Universitetlərə qəbul üçün adətən 3 fənn nəticəsi kifayətdir.

Türkiyədə imtahan prosesi mürəkkəbdir. Burada YKS, TYT, AYT, YDT imtahanları verilir. Türkiyədə qəbul YKS (Yükseköğretim Kurumları Sınavı) ilə aparılır və ÖSYM tərəfindən təşkil olunur. 

TYT (Temel Yeterlilik Testi) — hamı üçün məcburi: Türk dili, Sosial elmlər, Riyaziyyat, Elm. Əsas savad və məntiq yoxlanılır.

AYT (Alan Yeterlilik Testi) — ixtisas yönümlü: Ədəbiyyat-Sosial, Riyaziyyat, Fizika-Kimya-Biologiya və s.

YDT — yalnız xarici dil ixtisasları üçün.

Bal hesablaması zamanı TYT və AYT nəticələri müxtəlif çəkilərlə birləşdirilir, orta məktəb uğuru (OBP) də əlavə olunur. Minimum keçid balları (taban puanı) ixtisasa görə dəyişir, rəqabət çox yüksəkdir.

Ermənistanda "Unified Entrance Exams" (mərkəzləşdirilmiş testlər) sistemi işləyir. Abituriyentlər məktəb fənləri üzrə standartlaşdırılmış testlər verirlər. Əsas fənlər adətən Erməni dili və ədəbiyyatı, Riyaziyyat, Xarici dil və ixtisasa uyğun əlavə fənlər olur. İmtahanlar yazılı və ya test formatında keçirilir, bəzi ixtisaslar üçün əlavə imtahanlar tələb oluna bilər. Bal sistemi ölkə daxilində qəbul üçün sıralama yaradır.

Gürcüstanda "Unified National Exams" (NAEC tərəfindən) keçirilir. Məcburi fənlər adətən Gürcü dili və ədəbiyyatı, Ümumi bacarıqlar (General Skills) və Xarici dil olur. Bundan əlavə, ixtisasa görə seçmə fənlər verilir. İmtahanlar test formatındadır, bəzi proqramlar üçün əlavə qabiliyyət yoxlanışı olur. Bal sistemi sıralama əsasında universitet qəbulunu müəyyənləşdirir.

Buradan qənaətə gəlmək olar ki, Azərbaycan və Türkiyə daha çox mərhələli və ixtisas yönümlü sistemə malikdir. Rusiya ən vahid və sadə sistemdir. Amma yüksək ballar üçün ciddi rəqabət var. Ermənistan və Gürcüstan isə mərkəzləşdirilmiş testlərə əsaslanır,

Türkan İsgəndərli

tag: Azərbaycan,Universitet,İmtahan,Qəbul,Todaypress.tv,