Azərbaycanda müəllimlər dərsdə telefondan istifadə edə bilməyəcək?

Elm və Təhsil

23.01.2026 16:50

Gürcüstan yeni tədris ilində məktəb təhsili islahatına başlayacaq. Belə ki, dərslərdə telefondan istifadə qadağası müəllimlərə də şamil ediləcək.

Bəs bu qayda bizdə də mümkündür?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu cür yanaşmanın Azərbaycanda da tətbiqinə ciddi ehtiyac var.


Onun sözlərinə görə, mobil telefonlardan istifadə təkcə şagirdlərin deyil, müəllimlərin də tədris prosesinə mənfi təsir göstərir və bu fakt artıq həm praktikada, həm də real təcrübədə açıq şəkildə müşahidə olunur:

"Dərs zamanı diqqətin yayınması, müəllim-şagird ünsiyyətinin zəifləməsi və dərsin effektivliyinin azalması bu problemin əsas fəsadları sırasındadır. Məhz bu səbəbdən bir çox dünya ölkələri məktəblərdə mobil telefonlardan istifadəyə məhdudiyyətlər tətbiq edir. Azərbaycan da bu təcrübədən yararlana və müvafiq qərarlar qəbul edə bilər".

Deputat telefonun bəşəriyyət üçün mühüm texnoloji nailiyyət olduğunu qeyd etsə də, hazırda onun həm uşaqlar, həm də böyüklər üçün ciddi problemə çevrildiyini vurğulayıb.

"Mobil telefonlardan həddindən artıq istifadə artıq qlobal miqyasda “baş ağrısı” yaradan məsələlərdən biridir və bu problem yalnız Azərbaycana xas deyil. Yaranmış vəziyyət nəzərə alınmalı, təhsil mühitində diqqətin və intizamın qorunması üçün müəyyən qadağalar tətbiq edilməlidir. Məktəblərdə mobil telefon məsələsi xüsusi diqqətdə saxlanmalı və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır, çünki söhbət təhsilin keyfiyyətinə birbaşa təsir edən ciddi bir problemdən gedir", - deyə Ceyhun Məmmədov əlavə edib.

Qeyd edək ki,  Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin dərs zamanı şagirdlərin telefonları ilə birlikdə mobil telefonlarını müvafiq saxlama qutusuna qoyması onlar üçün nümunə olacaq. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Ceyhun Məmmədov,Deputat,Müəllim,Dərs,Telefon,Todaypress.tv,