Zelenski: "Ukrayna üç ölkə ilə təhlükəsizlik sazişləri imzalayıb"
Dünya
23.04.2026 17:32
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə üç əsas təhlükəsizlik sənədi imzalayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "CNN"ə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, sənədlər əsasən dronlar və müdafiə imkanları sahəsində əməkdaşlığı əhatə edir və bu, həm dövlət, həm də özəl sektor arasında yeni müqavilələrin bağlanmasına şərait yaradacaq.
Prezident qeyd edib ki, “Şahed” tipli dronların qiyməti 80-130 min dollar arasında dəyişsə də, onları təxminən 10 min dollarlıq sistemlərlə zərərsizləşdirmək mümkündür. Bu isə milyonlarla dollara başa gələn ənənəvi hava hücumundan müdafiə raketləri ilə müqayisədə daha sərfəlidir.
Zelenski vurğulayıb ki, Ukrayna tərəfdaş ölkələrə təcrübə, təlim proqramları, proqram təminatı və daha ucuz dronlar təqdim etməyə, həmçinin birgə istehsal müəssisələri yaratmağa hazırdır. O əlavə edib ki, bu cür əməkdaşlığın ABŞ ilə də genişləndirilməsini istərdi.
Bundan başqa, Ukrayna lideri Yaxın Şərqdə atəşkəs təşəbbüslərini dəstəklədiyini bildirib. Onun fikrincə, müharibələrdə istənilən fasilə insan həyatının xilas edilməsinə kömək edir, lakin ən yaxşı həll yolu davamlı sülhün əldə olunmasıdır.
Türkan İsgəndərli
tag: Ukrayna,Zelenski,Təhlükəsizlik,Dron,Todaypress.tv,
