Zelenski: "Lvov terrorunda bütün detallar açıqlanmır"

Dünya

22.02.2026 20:24

Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda baş verən və 25 nəfərin xəsarət alması ilə nəticələnən terror aktı ilə bağlı bütün detalları ictimaiyyətə açıqlamağın mümkün olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, o bu barədə “Telegram” kanalında yazıb.

“Ukraynanın daxili işlər naziri Lvovdakı terror aktının araşdırılması ilə bağlı detalları təqdim edib. Hazırda hər şeyi ictimai şəkildə demək mümkün deyil”, – deyə o qeyd edib.

Prezident istintaqın hansı məqamlarının açıqlanmadığını dəqiqləşdirməyib. O yalnız bildirib ki, iş üzrə bir neçə nəfər saxlanılıb və yaxın vaxtlarda cəmiyyətə daha geniş məlumat veriləcək.

Qeyd edək ki, fevralın 22-nə keçən gecə Lvovda iki partlayış baş verib. Hadisə mağazaya daxilolma barədə saxta çağırışa gələn polis əməkdaşlarının iştirakı zamanı qeydə alınıb. Nəticədə 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, polis əməkdaşı Viktoriya Şpilka həyatını itirib.

Cinayəti törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşı olan qadın saxlanılıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko terror aktının guya Rusiya xüsusi xidmət orqanları tərəfindən, cəlb olunmuş ukraynalıların iştirakı ilə təşkil edildiyini bildirib.

Nazir əlavə edib ki, müşahidə kameralarının görüntüləri sayəsində şübhəlinin hərəkət marşrutu izlənilib və partlayıcı qurğunun yerləşdirilməsi anı qeydə alınıb.

Bundan əvvəl Kiyevdə metro stansiyası yaxınlığında da partlayış baş vermişdi.

Qiymət Mahir

tag: Zelenski,Ukrayna,Kiyev,Cinayət,TodayPress TV,