Venesuelada məhbuslar həbsxananı ələ keçirdilər
Venezuelanın Barinas ştatında yerləşən "İNJUBA" həbsxanasında məhbuslar etiraz aksiyası keçirib və həbsxanaya nəzarəti ələ keçiriblər.
TodayPress TV xəbər verir ki, "Observatorio Venezolano de Prisiones" təşkilatının məlumatına görə, səhər himni səsləndikdən sonra qadınlar da daxil olmaqla 1300-dən çox məhbus tətilə başlayıb.
Bəzi məhbuslar həbsxana qüllələrinin damına çıxaraq döşəkləri yandırıblar.
Hüquq müdafiəçiləri bildiriblər ki, mühafizəçilər etirazçılara atəş açıb. Məhbusların yaxınları Milli Qvardiyanın həbsxanaya daxil olmasının qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. Daha sonra ərazidə silah səsləri, partlayışlar və gözyaşardıcı qazdan istifadə qeydə alınıb.
Məlumata görə, iğtişaşlara səbəb həbsxanada yeni rəhbərlik tərəfindən tətbiq olunan sərt rejim olub.
Türkan İsgəndərli