Veb-kameralar vasitəsilə insanları izlədilər: Şimali Koreya hakerlərinin qorxunc planı
Şimali Koreya hakerləri son 18 ay ərzində 400 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.
TodayPress TV “Bild” nəşrinin məlumatına görə, kibercinayətkarlar qurbanlarının tanışları kimi davranaraq kriptovalyuta şirkətlərinin əməkdaşlarını videokonfranslara dəvət ediblər. Görüşlər zamanı qarşı tərəfdə canlı insan əvəzinə əvvəlcədən qeydə alınmış videolar və ya kriptosənayenin tanınmış nümayəndələrinin deepfake görüntüləri nümayiş etdirilib.
Daha sonra hakerlər texniki nasazlıq yaratdıqlarını iddia edərək əməkdaşlara linkə keçməyi və ya kompüterlərində müəyyən təlimatları yerinə yetirməyi təklif ediblər. Nəticədə zərərli proqramlar qurbanların cihazlarına yüklənib. Bu proqramlar vasitəsilə cinayətkarlar istifadəçilərin hesablarına və kriptovalyutalarına giriş əldə ediblər.
Bundan əlavə, hakerlər qurbanları veb-kameralar vasitəsilə gizli şəkildə qeydə alıblar. Daha sonra həmin görüntülərdən istifadə edərək onların adından çıxış edib tanışlarını aldatmağa çalışıblar. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) bu üsulla əldə edilmiş 900-dən çox video qeydi aşkarlayıb.
ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, oğurlanan vəsaitlər Kim Çen In rejiminin və onun hərbi proqramlarının maliyyələşdirilməsinə yönəldilir.
Kübra Musayeva