Ukraynanın zərbəsi 20 rusiyalı zabitin həyatına son qoydu
Ukraynanın Donetsk şəhərinə avqustun 26-da endirdiyi raket zərbəsi nəticəsində Rusiya ordusunun 20 zabiti həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, həlak olan zabitlər Rusiya Mərkəzi Hərbi Dairəsinin qərargahında və 41-ci Ümumqoşun Ordusunun qərargahında xidmət ediblər. “Mediazona” bunu müharibə başlayandan bəri Rusiya ordusunun zabitləri arasında eyni vaxtda qeydə alınan ən çoxsaylı ölüm hadisəsi kimi qiymətləndirib.
Nəşr zabitlərin ölümünü şəxsi heyətin siyahılarını vərəsəlik işləri reyestri ilə tutuşdurmaqla, eləcə də son bir ay ərzində yüksək rütbəli zabitlər haqqında yayımlanan nekroloqları araşdırmaqla təsdiqlədiyini bildirib.
Qeyd edək ki, qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin avqustun 26-da Ukrayna hərbçilərinin “Donetsk-Siti” ticarət mərkəzinin yerləşdiyi əraziyə “Storm Shadow” raketləri ilə zərbə endirdiyini açıqlamışdı. O, hadisə nəticəsində 8 mülki şəxsin yaralandığını bildirsə də, hərbçilər arasında itkilər barədə məlumat verməmişdi.
Kübra Musayeva