Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
Dünya
12.01.2026 21:15
İran Xarici İşlər Nazirliyi Almaniya, Fransa və İtaliya hökumətlərinin Tehrandakı səfirlərini nazirliyə çağırıb. Buna səbəb həmin ölkə hökumətlərinin İranda baş verən etiraz aksiyalarını dəstəkləyən bəyanatları olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, İran tərəfi diplomatlara, hakimiyyət orqanlarının iddiasına əsasən, etirazçıların zorakı hərəkətlərini və aksiyaların dinc xarakter daşımaqdan çıxdığını əks etdirən videomateriallar təqdim edib.
Tehran bu materialların müvafiq ölkələrin xarici işlər nazirlərinin diqqətinə çatdırılmasını tələb edib. Həmçinin rəsmi bəyanatların yenidən nəzərdən keçirilməsini istəyərək, bu açıqlamaları İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl də İran Xarici İşlər Nazirliyi Londonda İran səfirliyində baş verən hadisədən sonra Böyük Britaniyanın səfirini nazirliyə çağırmışdı.
tag: İran, XİN, Fransa, Avropa, Almaniya, İtaliya, todaypress.tv,
