ABŞ-də peyvənd olunan uşaqların sayı azalır
ABŞ-də uşaqların peyvənd olunmasına münasibət getdikcə dəyişir.
TodayPress TV xəbər verir ki, "Gallup"un keçirdiyi yeni sorğunun nəticələrinə görə, amerikalıların 72 faizi uşaqların peyvənd edilməsini vacib hesab edir.
Lakin bu göstərici 2001-ci ildə qeydə alınan 94 faizdən xeyli aşağıdır.
Sorğuya əsasən, respondentlərin 47 faizi uşaqların peyvənd olunmasını son dərəcə, 25 faizi isə çox vacib hesab edir. Daha 15 faiz bunu müəyyən dərəcədə vacib sayır. 7 faiz peyvəndlənmənin o qədər də vacib olmadığını, 6 faiz isə ümumiyyətlə vacib olmadığını bildirib.
"Gallup"un 1-19 oktyabr 2026-cı il tarixlərində keçirdiyi araşdırma ABŞ-də qızılca hallarının artdığı və uşaqların peyvənd olunması ilə bağlı müzakirələrin gücləndiyi dövrə təsadüf edib.
Siyasi baxışlar peyvəndə münasibətə təsir edir
Sorğuda diqqət çəkən məqamlardan biri Demokratlar və Respublikaçılar arasında peyvəndlənməyə münasibətdə ciddi fərqin olmasıdır.
Demokratların 66 faizi uşaqların peyvənd olunmasını son dərəcə vacib hesab etdiyi halda, Respublikaçılar arasında bu göstərici 27 faizdir. Ümumilikdə, Demokratların 91 faizi, Respublikaçıların isə 50 faizi uşaqların peyvənd edilməsini çox və ya son dərəcə vacib sayır.
Amerikalıların 17 faizi vaksinləri təhlükəli hesab edir
Sorğuda iştirak edənlərin 78 faizi vaksinlərin qarşısını aldıqları xəstəliklərdən daha təhlükəli olmadığını bildirib. Bununla belə, 17 faiz vaksinlərin həmin xəstəliklərdən daha təhlükəli olduğunu düşünür.
Respublikaçılar arasında vaksinlərin təhlükəli olduğunu düşünənlərin payı 32 faizə çatıb. 2019-cu ildə bu göstərici 12 faiz idi. Demokratlar arasında isə eyni fikirdə olanların payı cəmi 5 faiz təşkil edib.
Peyvənd və autizm məsələsində də fikir ayrılığı var
Gallup araşdırmasına görə, amerikalıların 46 faizi vaksinlərin autizmə səbəb olmadığına inanır. Respondentlərin 16 faizi bunun əksini düşünür, 38 faizi isə suala cavab verməkdə tərəddüd edir.
Bu məsələdə də siyasi qütbləşmə diqqət çəkir. Respublikaçıların 29 faizi vaksinlərin autizmə səbəb olduğunu düşünür. Demokratlar arasında isə bu göstərici 5 faizdir.
Amerikalıların əksəriyyəti məcburi peyvəndlənməni dəstəkləyir
Sorğunun digər nəticəsinə görə, ABŞ vətəndaşlarının 56 faizi hökumətin valideynlərdən uşaqlarını qızılca kimi yoluxucu xəstəliklərə qarşı peyvənd etdirməyi tələb etməsini dəstəkləyir. 40 faiz isə dövlətin bu məsələyə müdaxilə etməməli olduğunu düşünür.
Qeyd edək ki, "Gallup"un nəticələri ABŞ-də uşaqların peyvənd olunmasına münasibətin əvvəlki onilliklərlə müqayisədə dəyişdiyini və xüsusilə siyasi baxışlar əsasında ciddi fikir ayrılıqlarının yarandığını göstərir.
Türkan İsgəndərli