Tramp administrasiyası bu şirkətə 1,6 milyard dollar sərmayə yatıracaq

Dünya

25.01.2026 22:45

Tramp administrasiyası vacib mineral ehtiyatlarının təmin edilməsi məqsədilə özəl “USA Rare Earth” şirkətinə 1,6 milyard dollar həcmində investisiya yatıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“USA Rare Earth” şirkəti Texas ştatında elektronika və silah istehsalında istifadə olunan 17 nadir torpaq elementindən 15-ni ehtiva edən yatağı inkişaf etdirir. Şirkət eyni zamanda Oklahomada maqnit istehsalı zavodu tikməyi planlaşdırır.

Bildirilir ki, sazişin, eləcə də 1 milyard dollardan çox məbləğdə ayrıca özəl maliyyələşdirmənin yanvarın 26-da elan olunacağı gözlənilir.

Məlumata görə, 1,6 milyard dolların 277 milyon dolları “USA Rare Earth” şirkətinin səhmlərinin alınmasına yönəldiləcək və bununla da hökumət şirkətin təxminən 10 faizinə sahib olacaq. Qalan 1,3 milyard dollar isə faizlə birlikdə geri qaytarılmalı olan kredit şəklində təqdim ediləcək.

TodayPress TV

tag: Tramp,Şirkət,İnvestisiya,Yatırım,Todaypress.tv,