Sudan rəsmisi ABŞ-nin şərtini rədd etdi
Sudan ABŞ-nin təklif etdiyi atəşkəs şərtlərini qəbul etmək və xarici təzyiq altında güzəştə getmək niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Sudan Suveren Şurasının sədri, silahlı qüvvələrin komandanı Əbdülfəttah əl-Burhan Xartumda çıxış edərkən danışıb.
"Biz dediklərimizdən geri çəkilməyəcəyik: heç bir ölkəyə vizaya ehtiyacımız yoxdur, onların icazəsinə də ehtiyacımız yoxdur", - deyə o bildirib.
Əl-Burhan vurğulayıb ki, Sudan kənar təzyiqlər altında güzəştə getməyəcək.
Sudan Suveren Şurasının rəhbəri BMT Baş Assambleyasının 81-ci sessiyasında ölkə nümayəndə heyətinə rəhbərlik etməyi və sentyabrın 24-də ümumi siyasi debatlarda çıxış etməyi planlaşdırsa da, ABŞ ona giriş vizası verməyib.
Xartum BMT-nin Baş katibi Antoniu Quterreşə müraciət edərək məsələyə müdaxilə etməsini xahiş edib və ölkənin nümayəndə heyətinin sessiyada iştirakı üçün zəruri tələbləri yerinə yetirdiyini bildirib. Nəticədə Sudanın Nyu-Yorkdakı nümayəndə heyətinə xarici işlər naziri Məhi əd-Din Salem rəhbərlik edib.
"Reuters" agentliyinin məlumatına görə, Vaşinqton əl-Burhana BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ vizasının verilməsini onun ABŞ tərəfindən təklif olunan 90 günlük qeyd-şərtsiz atəşkəsə razılıq verməsi ilə əlaqələndirib. Plan ABŞ Prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Boulos tərəfindən təqdim olunub. Əl-Burhan bu şərti rədd edib.
Aysel Mətləb