ABŞ bu addımı atsa... - Britaniya fəlakətin bir addımlığında
ABŞ administrasiyasının dizel yanacağının ixracına qoya biləcəyi ehtimal edilən qadağa Böyük Britaniya iqtisadiyyatına son dərəcə mənfi təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzeti məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın idxal etdiyi dizel yanacağının ümumi həcminin təxminən üçdə biri ABŞ-dən tədarük olunur, idxal edilən yanacağın ümumi payı isə təxminən 55% təşkil edir. Ekspertlərə istinadən nəşr qeyd edib ki, Vaşinqtonun bu yanacaq növünün ixracına qoyacağı qadağa Avropa ölkələri arasında ona olan rəqabəti artıracaq ki, bu da normal olaraq onun bahalaşmasına gətirib çıxaracaq. Artıq hazırda Böyük Britaniyada dizel yanacağının orta qiyməti litr üçün £2 ($2,65) həddini keçməyə bir addım qalır, halbuki keçən ilin ortalarında o, £1,5 idi.
Nəşrin qeyd etdiyi kimi, Böyük Britaniyada dizel yanacağının qiymətinin kəskin artması "fəlakət olardı".
Dizel yanacağının yük daşımalarında, kənd təsərrüfatında və tikintidə istifadə olunduğunu nəzərə alsaq, qiymət artımı sürətlə bütün iqtisadiyyata yayıla və avqustda illik ifadədə artıq 3,1%-ə çatmış, 2026-cı ilin sonunadək isə 4%-ə yüksələcəyi gözlənilən ümumi inflyasiyanı sürətləndirə bilər. Bu, İngiltərə Bankının 2%-lik hədəf göstəricisindən iki dəfə çox olardı.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, ətrafındakılarla söhbətində ABŞ-dən dizel yanacağının ixracına qadağanın qoyulması məsələsini qaldırıb. Bununla belə, Ağ Ev "Politico" qəzetinin ABŞ administrasiyasının dizel yanacağının ixracına 90 günlük qadağanın tətbiq edilməsi planını hazırladığı barədə məqaləsini yalan məlumat adlandırıb.
Aysel Mətləb