"Snapchat" uşaqların təhlükəsizliyini pozmaqda ittiham edilir

Dünya

26.03.2026 18:15

Avropa Komissiyası Snapchat-ın uşaqların müdafiəsi qanunlarını pozması iddiası ilə bağlı araşdırmaya başlayıb.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, araşdırma Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində aparılır və Snapchat platformasının uşaqlar üçün təhlükəsizlik, məxfilik və mühafizə standartlarına əməl edib-etmədiyini müəyyən etməyi hədəfləyir.

Qurum hesab edir ki, sosial şəbəkə yetkinlik yaşına çatmayan istifadəçilərin qanunsuz fəaliyyətlərlə məşğul olmasının qarşısını yetərincə ala bilmir, həmçinin onların qanunsuz mallar, spirtli içkilər və elektron siqaretlərlə bağlı məlumatlara çıxışını məhdudlaşdırmaqda zəiflik göstərir. Bundan əlavə, platformanın istifadəçilərin yaşını düzgün yoxlaya bilmədiyi, doğum tarixlərinin etibarlı şəkildə təsdiqlənmədiyi bildirilir.

Avropa Komissiyası həmçinin qeyd edir ki, qadağan olunmuş məzmunun bildirilməsi üçün mövcud mexanizmlər yetərincə əlverişli və etibarlı deyil.

Xatırladaq  ki, Avropa Komissiyası bundan əvvəl də müxtəlif rəqəmsal platformalarla bağlı araşdırmalar aparıb. Yanvar ayında X (Twitter) platformasında inteqrasiya olunmuş Grok çatbotu ilə bağlı, fevral ayında isə TikTok platformasının istifadəçilərdə asılılıq yaradan interfeysi ilə əlaqədar araşdırmalar başlanıb. Bundan əlavə, Google şirkəti də 2025-ci ilin sonunda araşdırmaya cəlb olunub.

Qeyd edək ki, Snapchat foto və video paylaşımı üçün nəzərdə tutulmuş mobil mesajlaşma tətbiqidir. Platformanın əsas xüsusiyyətlərindən biri göndərilən məzmunun qısa müddət ərzində əlçatan olması və daha sonra silinməsidir. Şirkətin məlumatına görə, 2025-ci ilin ortalarına qədər Avropa İttifaqında tətbiqin təxminən 94,7 milyon qeydiyyatdan keçmiş istifadəçisi olub. Snapchat həmin ilin dekabr ayından etibarən Rusiyada bloklanıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Snapchat ,Uşaq,Hüquq,Avropa Komissiyası,Todaypress.tv,