Simonyan: "Ermənistan faktiki olaraq KTMT-dən çıxıb"

Dünya

26.11.2025 15:54

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, jurnalistlərin “İrəvan niyə təşkilatdan rəsmi şəkildə çıxmasını elan etmir?” sualına cavab olaraq qeyd edib ki, Ermənistan artıq təşkilatın fəaliyyətindən kənara çəkilib, rəsmi qərar isə siyasi məqsədəuyğunluğa görə veriləcək.

Xatırladaq ki, 2024-cü ilin fevralında baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dəki iştirakını “dondurduğunu” bəyan etmişdi. Paşinyan həmin vaxt bildirmişdi ki, ölkənin təşkilata qayıtması getdikcə çətinləşir və hətta qeyri-mümkündür. O, “geri dönüş nöqtəsinin keçildiyini” vurğulamışdı.

Rusiya tərəfi isə bu müddətdə Ermənistanın mövqeyini kəskin tənqid edib. Rusiya XİN-in müavini Mixail Qaluzin bildirib ki, qərb dövlətləri Ermənistanı KTMT-dəki iştirakını dondurmağa sövq ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Paşinyanın KTMT-nin guya Ermənistanı “çətin vəziyyətdə tərk etməsi” barədə fikirlərinin həqiqətə uyğun olmadığını deyib.

Jalə Rövşən 

TodayPress TV

tag: Alen Simonyan ,Ermənistan ,Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ,Rusiya ,Todaypress.tv,