Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi

Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi
06.08.2026 10:09 Dünya

İsrail-Livan sərhədində vəziyyət yenidən gərginləşib.

TodayPress TV xəbər verir ki, İsrail Ordusunun məlumatına görə, Livanın cənubunda baş verən partlayış nəticəsində iki israilli hərbçi həlak olub, daha dörd əsgər yaralanıb.

İsrail ordusu hadisənin Livanın cənubunda hərbçilərin əməliyyat apardığı ərazidə partlayıcının işə düşməsi nəticəsində baş verdiyini bildirib. İsrail tərəfi insidenti atəşkəs razılaşmasının "Hizbullah" tərəfindən pozulmasına cavab olaraq başladığı əməliyyatlarla əlaqələndirib.

Buna cavab olaraq İsrail ordusu Livanın cənubunda hava zərbələri endirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, Tibnin şəhərinə endirilən zərbə nəticəsində azı bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Qeyd edək ki, gərginliyin artması İsrail və Livan nümayəndələri arasında Romada keçirilən növbəti təhlükəsizlik danışıqları fonunda baş verir.

Tərəflər iyun ayında ABŞ-nin  vasitəçiliyi ilə sərhəddə gərginliyin azaldılmasını nəzərdə tutan təhlükəsizlik razılaşması əldə etsələr də, İsrail Livanın cənubunda təhlükəsizlik zonasını saxlayacağını və İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasından qaynaqlanan təhlükəni aradan qaldırmaq niyyətində olduğunu bəyan edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər